Suriya təyyarəsi Türkiyə yaxınlığında qəzaya uğradı
PKK silahlıları dünən Diyarbakırın Silvan kəndində türk əsgərlərinə qarşı növbəti terror aktı həyata keçiriblər. Hərbçiləri daşıyan zirehli avtomobili terrorçular partladıb. PKK silahlıları əsgərlərin gəlmə saatını əvvəldən müəyyənləşdirərək avtomobilin keçdiyi yola mina döşəyiblər. Partlayış nəticəsində iki əsgərin yaralandığı bildirilir. Yaralı əsgərlər dərhal Silvan Dövlət Xəstəxanasına yerləşdirilib. Ilkin müayinədən sonra əsgərlər vertolyotla Diyarbakır Hərbi Hospitalına aparılıb. Bölgəyə isə xeyli sayda polis və təhlükəsizlik qüvvələri göndərilib.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız dünən jurnalistlərə verdiyi açıqlamada son günlər PKK-nın ard-arda həyata keçirdiyi terror aktlarına toxunub. Nazir bildirib ki, bu olaylardan ən çox əziyyət çəkənlərdən biri də kürd xalqıdır. Belə ki, partlayışlar zamanı bölgələrdəki elektrik xətlərinə ciddi zərər dəyir. Bu xətlərin bəzisi isə, ümumiyyətlə, sıradan çıxır ki, nəticədə kürdlərin də sıx yaşadığı bir çox bölgələr işıqsız qalır: “Dövlətə zərər vurursunuz. Yaxşı, dövlət bunu bərpa edəcək. Amma oradakı kürd qardaşlarımıza da zərər vurduğunuzu nəzərə alın. PKK sonra da kürd xalqına xidmətdən danışır. Sizin bu ”xidmətlərinizi" bir-bir ifşa edəcəyik".
T.Yıldız HDP-nin ünvanına da ittihamlar səsləndirib: “HDP 7 iyun seçkilərindən əvvəl özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Lakin son olaylardan sonra üzlərindəki boya axdı və əsl simaları ortaya çıxdı. Təkrar seçki olsa da, olmasa da HDP-yə verilən səslərin önəmli bir hissəsinin aradan qalxacağına inanıram. Insanlar üç gün işıqsız qalanda bunu lap yaxşı başa düşəcəklər”.
Xatırladaq ki, Iraqın kürd bölgəsinin lideri Məsud Bərzani də PKK-nı ittiham edərək təşkilat üzvlərini kürd xalqına düşmənçilikdən əl çəkməyə çağırmışdı. Bərzani hökuməti hesab edir ki, bir neçə gün əvvəl Kərkük-Yumurtalıq neft kəmərini partlatmaqla PKK kürd xalqına böyük zərər vurub: “Məlum ÿtəxribat kürdÿ xalqına, kürdÿəsgərlərinə və Kürdüstan bölgəsindəki köçkünlərə ÿqarşıÿ edilmiş ÿböyük bir məsuliyyətsizlikdir. Kərkük-Yumurtalıq neft kəmərinin partladılmasına etiraz edirik və hadisəni kürd xalqının ruzisinə qəsd kimi qiymətləndiririk”.
Boru xətti iyulun 29-da Türkiyənin Cizrə əyalətində partladılmışdı. Kərkük-Yumurtalıq kəməri Şimali Iraq neftini Aralıq dənizinə, ordan isə beynəlxalq bazara daşıyan yeganə kanaldır.
Dünən Türkiyənin Suriya ilə sərhədində də gərgin anlar yaşanıb. Əsəd qüvvələrinə məxsus hərbi təyyarə Türkiyənin 50 km. uzaqlığına – Idlib şəhərinə düşərək partlayıb. Partlayış nəticəsində 35 nəfərin öldüyü, 120 nəfərin yaralandığı bildirilir. “Reuters”in məlumatına görə, təyyarənin düşdüyü bölgə Suriya müxaliflərinin nəzarətindədir.
“Anadolu” agentliyinin yaydığı xəbərdə isə partlayış nəticəsində xəsarət alanların sayının göstəriləndən xeyli çox olduğu bildirilib. Məlumatda o da qeyd olunur ki, təyyrə qəzaya uğrayarkən şəhərə Əsəd qüvvələri hücum edibmiş. Qəza zamanı 6 binanın yerlə-yeksan olduğu, xeyli sayda insanın dağıntılar altında qaldığı da açıqlanıb. Hadisədən dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb. Hələ ki nə Əsəd rejimi, nə də müxaliflər təyyarənin düşmə səbəbi barədə məlumat veriblər.
Gültəkin