Ölkənin böyük teatrında qalmaqal var. Məsələlər o qədər qarmaqarışıq görünür ki, kimin haqlı, kimin haqsız olduğunu anlamaq zor. Gənclər yaşlı nəsli, yaşlı nəsil gəncləri, deyəsən, hər iki tərəf də direktoru ittiham edir. Baş verənlərlə bağlı bir neçə yazı oxudum və anladığıma görə, artıq teatrımızı da ölkənin yaşadığı ümumi acınacaqlı girdabın içinə yuvarlatmağı bacarıblar. Teatrın tanınmış aktyorlarından Rafael Dadaşovun da, Füzuli Hüseynovun da müsahibələrində konkret şəxslərə qarşı konkret ittihamlar var. Füzuli bəyin ittihamları isə daha maraqlıdır. Aktyor teatrda yaranan acınacaqlı durumun əsas səbəbini direktor Israfilovun psixoloji problemləri ilə əlaqələndirir. Xülasə, qalmaqal o qədər dərinləşib ki, tərəflərin ittihamları məhkəmə masasına gedib çıxacaq kimi görünür…
Təəccüblənirsinizmi? Mən, əsla. Bir ölkə bu qədər başıpozuq hala gələrsə, onun hər işi həmin masanın üzərinə gedib çıxmalı. O masaya ki, orada ədalət axtarmaq qaranlıqda qara pişiyi tapıb tutmağa bənzər bir şeydir. Çox halda axtardığınız ədalət elə bilərəkdən, qəsdli, düşünülmüş şəkildə pozulur, biləsiniz. Bu masanı işlətmək üçün. O üzdən, böyük teatrımızın böyük dərdlərini ölkənin ümumi problemlərindən ayırmağa dəyərmi, bilmirəm. Üst-üstə qalaqlanmış dərdlərdən depressiyaya düşən cəmiyyətdə bir teatr rəhbərinin psixoloci durumundakı problemlər niyə təəccüblü olsun ki. Təbii, belə də davam edə bilməz. Teatr məsələlərinə baxan rəsmi şəxslər bu qırğın-qiyaməti qısa zamanda dayandırmalı, məlum rüsvayçılığa tezliklə son verməlidir.
Əslində, dərd təkcə Dram teatrının dərdi deyil. Çoxdandır hamımızın bu sənət ocaqlarında sürən depressiv mühitdən xəbərimiz var. Heç şübhəsiz ki, teatr yaradıcı insanlar toplusudur. Orada hərəkət, fəaliyyət, oyun dayanarsa, həmin insanlar mütləq mənada tapıb bir oyun çıxaracaq, enerjilərini hansı yollasa boşaldacaqlar. Amma nədən bu güc və enerji daha faydalı işlərə sərf olunmasın ki? Həm də ilin-günün bu vaxtında. Cəmiyyətin sənətə, sənətçi sözünə, sənətçi mövqeyinə, sənətçi səsinə aclıq duyduğu bir zamanda. Bütün zamanlarda və bütün şərtlərdə cəmiyyətin üzvü olan hər kəsin çevrəsində baş verənlərlə bağlı bir öhdəliyi olduğunu düşünmüşəm. Bu fikrim birmənalı və dəyişməzdir. O insanların fəhlə, alim, sənətçi olmasına baxmayaraq. Hər kəsin anlaması lazım ki, ətrafında olub-bitən dəhşətli şeylərə seyrçi qalarsa, bir gün özünü də o bəlanın içində görər. Kim iddia edə bilər ki, bir ölkədə baş verən böyük faciələr fonunda teatr qapalı və qayğısız bir mexanizm kimi fəaliyyətini sürdürə bilər? Bir səhnə sənətçisinə həyatla teatr arasındakı bağlılıqdan danışmaq gülünc deyilmi? Axı o bu bağlılığı hamıdan gözəl bilən və yaşayan insandır. O zaman çatışmayan, əskik qalan, gözdən qaçan nədir ki? Bu sualın cavabını da o sənətçi özü tapmalı və güman ki, çoxdan tapıb elə.
Bəlkə də, bu yerdə dünya gülüşünün simvolu, yaradıcı həyata teatr səhnələrindən başlayan Çarli Çaplindən bir örnək vermək yerinə düşər. Zəmanəsinin div güclü bu aktyoru təkcə sənətə deyil, həyata, dünyaya, siyasətə baxışı ilə də bənzərsiz biri idi. “Mən bir siyasətçi deyiləm və mənim siyasi aksiomlarım yoxdur. Mən bir fərdəm və azadlığa inanıram. Mənim siyasi görüşümün tam anlamı budur”- deyirdi Çaplin. Bu baxışlarının, fikir azadlığının acısını da az çəkməmişdi. “Kommunizm” ideyalarına bənzər görüşləri üzündən illər boyu Amerikaya girişi qadağan edilmiş, amma sonda onun iradəsi və sənəti qalib gəlmişdi. “Oskar” mükafatı verilən tarixdə qapılar məcburən üzünə açılmışdı.
Xülasə, durum bərbaddır, teatr, sənət, cəmiyyət, siyasət böhran içində. Şübhəsiz, bütün bunlar keçəcək bir gün. Amma hər kəs əlini bir daşın altına qoysa, daha tez keçə bilər. Həyat daha tez öz axarına düşə bilər. Biz bunu istəsək, təbii. Istəsək, ölmədən də görəcəyik ki, “zaman ən yaxşı yazardır, hər zaman mükəmməl sonu yazar” (Çarli Çaplin).