"Bu hadisə Azərbaycan hakimiyyətinin Rusiya qarşısında nə qədər aciz durumda olduğunu göstərdi"
AXCP sədri Əli Kərimli hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Qarabağdakı erməni separatçılarının başçısı Bako Saakyanı "Böyük Pyotr" ordeni ilə təltifləndirməsi Azərbaycana və azərbaycanlılara mesajdır. Əli Kərimli həmin mesajların nədən ibarət olduğu haqda fikirlərini "facebook" səhifəsində paylaşıb. AXCP sədri yazır:
"Qarabağdakı erməni separatçılarının başçısı Bako Saakyanın Rusiya dövlətinin möhkəmləndirilməsindəki xidmətlərinə görə "Böyük Pyotr" ordeni ilə təltif edilməsi Azərbaycanın milli və dövlət maraqlarına ciddi zərbədir. Rusiya prezidenti bu təltiflə Azərbaycana və azərbaycanlılara çox ciddi mesajlar vermiş oldu:
1. Rusiya üçün Bako Saakyan və digər erməni separatçıları elə-belə işlər görmürlər, özbaşına deyillər. Onların etdikləri Rusiya dövlətinə xidmətdir.
2. Hökumətin yandaş, yaltaq, saxtakar mediasının "Rusiya bizə 5, 7 rayon qaytaracaq" kimi yalanlarını ciddiyə almayın, sadəlövh olmayın. Rusiya hər zaman erməni separatçılarının yanında olacaq. Çünki onlar Rusiya dövlətinin "möhkəmlənməsinə" xidmət edirlər.
3. Rusiya rəhbərliyi erməni separatçılarına dəstəyinin əndazəni aşacağından, Azərbaycan hakimiyyətini acıqlandıracağından qətiyyən narahat deyil. Əmindir ki, Azərbaycan hakimiyyəti Rusiya qarşısında o qədər asılı və aciz durumdadır ki, Rusiyanın erməni separartçılarını silahlandırmasına da, Ermənistana "İsgəndər" raketləri verməsinə də, separatçıların liderinin, cinayətkarın "qəhrəman" elan edilməsinə də etiraz edə bilməz.
4. Rusiya rəhbərliyi də əmin olub ki, Azərbaycan hakimiyyəti qətiyyən milli maraqların qayğısında deyil. Bunları yalnız daha uzun müddətə hakimiyyətdə qalmaq maraqlandırır. Bunların iqtidarda qalmalarına dəstək verməklə Azərbaycanın milli maraqlarına hər formada zərbə vurmaq, Azərbaycan dövlətini zəiflətmək olar. Cınqırlarını da çıxarmayacaqlar".