Səadət Cahangirdən yeni şeir
İndi bu yorğun məsafədə
mənim gündən yanmış şəklimi
tanırmısan, kölgəmdəki adam,
tanırmısan,
çoxdan saçları tökülmüş,
gözləri çuxurlanmış
illərim keçir aradan…
bizdə anası ölmüş nə acılar var,
it yerinə qoyulmaz
biləsən hər kədər,
buralarda məhkum bir məmləkətin
kimsəsiz uşaqları kimi
çılpaq, qanayan yaralarla
eləcə ovcumuzda
sağalıb böyüyər kədər.
buralarda çoxdan
can çəkməyə alışmış adamlar,
sirr çəkməyi, sevda çəkməyi
unutmuş bəlkə ata-babadan,
indi bir bax, tanırmısan məni,
ya ölmüş sandınsa…
söylərmisən,
mərhumu necə bilirdin,
cizgimi ən yaxın,
ən açıq görən,
sən, kölgəmdəki adam…