elnurastanbeyli@gmail.com
Bilənlər bilir, bilməyənlərin də agahı olsun ki…
Yox, yaxşısı budur, zəhmət çəkib onlara heç nə yazmayaq, bir halda ki, ölkədəki bu vurhavurdan, tuthatutdan, ashaasdan, kəshakəsdən hələ də xəbərləri yoxdur, onda qoy şirin qəflət yuxusunda yatmağa davam etsinlər, ustad demiş, “yatmışları razı deyiləm kimsə oyatsın…”
Bəli, bilənlər bilir, məsələ belədir ki, xeyli vaxtdır rejimin qəzəbinə ürcah olmuş “Meydan TV”nin rəhbəri Emin Millinin qayınının həbsinin ardınca qohumları ondan imtina edən bəyanat yazıblar. Bundan əvvəl isə Qənimət Zahidin qohumlarına təzyiqlər başlamışdı: həbs edilən kim, axtarışa verilən kim.
Bütün bu proses 21-ci əsr Azərbaycanında baş verir, təqvim 2015-ci ili göstərərkən yaşanır. Bir daha təsdiq olunur ki, Azərbaycanda illərin, əsrlərin bir-birini əvəz etməsi sadəcə, təqvim hadisəsidir, bu torpaqlarda keçmiş hələ keçməyib. Qohum, tayfa kultu da yaşayır, 37-ci il təfəkkürü də.
Məsələn, bu qohumların yığılıb kimdənsə imtina etməsi (fərqi yoxdur necə – zorən, yoxsa könüllü!) çox biabırçı, ürəkbulandıran məsələdir, milli mentalitetin şüurları necə zəhərlədiyinin görsənişidir. Axı hansısa qan bağı niyə mütləq qohumluq şərtinə çevrilməlidir? Mən hansısa rüşvətxorla niyə qohum sayılmalıyam ki, nə var, nə var, onun anası mənim atamın bibisi oğludur? Hansısa yaltaqla eyni nəsildənik deyə, niyə mən onu mütləq qohum saymalı, hörmətlə, hətta sevgi ilə yanaşmalı, görəndə bağrıma basmalıyam? Niyə korrupsioner qohumdursa yaxşıdır, qohum deyilsə, pisdir? Bu nə yaramaz düşüncə, daha dəqiqi, düşüncəsizlik, bu nə axmaq təfəkkür, daha doğrusu, təfəkkürsüzlükdür belə?!
Məlum bəyanat bir daha göstərdi ki, biz Azərbaycanda milli mental yaramazlığın ən böyük görsənişlərindən olan qohumluğa münasibətimizi dəyişməliyik, onu genetik, bioloji norma kimi qəbul etməkdən əl çəkməliyik. Doğmalarımızı və yadlarımızı genetika ilə yox, ruhla, mənəviyyatla, düşüncə ilə, beyinlə müəyyənləşdirməliyik. Qohumluq nəhayət ki, bizim üçün mənəvi, ruhi hadisəyə çevrilməlidir. Məsələn, niyə Şahvələd Çobanoğlu, yaxud Zamin Hacı mənə hansısa yaltaq qohumdan daha doğma, daha yaxın qohum olmamalıdır, niyə mən məhz onları özümə ən yaxın qohum hesab etməməliyəm?!
Bəli, artıq belə düşünmək zamanı gəlib də keçir. Bu çətin, ağrılı prosesdir. Amma başqa yol da qalmır. Toplumun şüurunu Sistem tərəfindən milli-mənəvi dəyər kimi qəbul və təbliğ edilən zəhərli mental maddələrdən – qohumbazlıq, tayfabazlıq, yerlibazlıq kimi ənənəvi vərdişlərdən təmizləməyənədək işimiz çox ağırdır. Insanlara və hadisələrə qohum və ya region kultuna dayanaraq dəyər və qiymət vermək ayıbdır, ayıbdan ötə təhlükəlidir. Ayıbdır – çünki bəşəriyyətin mağaralardan çıxalı on minlərcə il olub. Təhlükəlidir – çünki 21-ci əsrdə arxaik təfəkkürə dayanaraq gəlişmiş ölkəyə çevrilmək mümkünsüzdür, bununla ancaq zülmün, istibdadın, Şərin, qaranlığın at oynatdığı, meydan suladığı rejimlərə nəfəs vermək, onların önünü açmaq, onların çörəyinə yağ sürtmək olar.
Əlbəttə, unutmuruq ki, “qohumluqdan imtina” məhz Sistemin basqısı, təzyiqi ilə baş verir. Bu yaranan mənzərənin əsas baiskarının rejim olduğu aydındır. Insanları ən çağdışı yöntəmlərlə sınağa çəkməyə, sındırmağa çalışmaq ölkə üçün yaxşı heç nə vəd etmir, topluma belə dərin nifrət, kin toxumları səpməyin ən böyük acısını elə rejim çəkəcək, bunun zərərli bəhrələrini o özü yeməli olacaq.
Bu öz yerində.
Amma gəlin onu da unutmayaq ki:
1.Sistem bizim yüzillər boyunca müqəddəsləşdirdiyimiz, vazkeçilməz hesab etdyimiyiz qohumluq kultuna güvənir, onun “zəif yerimiz” olduğunu bilir, güvəndiyi, bildiyi üçün də bundan çirkin formada yararlanır;
2.Hətta rejimin heç bir basqı və təzyiqi olmadan da genetik, bioloji qohumların oxşar davranışlarını az görmürük. Bəyəm onların arasında addımbaşı “palaza bürünüb elnən sürünmək” barədə öz geydirmə öyüd-nəsihətləri ilə adamın zəhləsini tökənlər, el üçün ağlayan gözün kor olması haqda mənasız-mənasız qırıldadanlar azdırmı?!