Yaxud sizi dünyalar qədər sevirəm
Düşünürəm ki, bütün pisliklər yaddaşsızlıqdan, unutqanlıqdan doğur. Insan kim olduğunu, nəyə xidmət etdiyini yaddan çıxaranda, yaddaşına ən pis “məhsul”lar daxil olur. Beləliklə, insan əsl kimliyindən imtina etməyə başlayır. Deməli, bütün neqativlər insanların özündən imtina etməsi ilə başlayır. Əslində vicdan, ləyaqət, şərəf, cəsarət də insanın qohumlarıdı. Biz zalımın qarşısında səcdə edəndə, haqsızlığa göz yumanda, haqqa böhtan atanda mənəvi qohumlarımızdan imtina etmiş oluruq. Amma bu gün Azərbaycanda tamam fərqli bir “imtina fenomeni” yaranıb. Indi mənəvi qohumlarından imtina etməyənləri qan qohumlarından imtina ilə cəzalandırırlar. Deyəsən, 37-ci illərin repressiya dalğasında da belə “ənənə”ləri yaşadırdılar. “Vətən xaini” kimi damğalananların yaxınları məcburi imtinaya imza atırdılar. Görünür, bizim hökumətimiz tarixin yalnız qara səhifələrindən dərs götürə bilir. Əvvəlcə, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxınları narkotika ittihamı ilə həbs edildi. Qənimət bəy yaxınlarına qarşı təzyiqlərin əsl səbəbini bildiyi üçün “məndən imtina edin” çağırışı etdi. Ardınca “Meydan TV”nin direktoru Emin Millinin qayınının cibindən narkotika tapıldı və sonra yaxınlarının Emin Millidən imtina etməsi ilə bağlı bəyanatı ortaya çıxdı. Əslində bu bəyanatları əfv ərizəsi kimi də qiymətləndirmək olar. Əvvəllər həbsdə olan fəallara əfv ərizəsi yazdırırdılar və bu adamlar hökumətin üzünə ağ olduqlarına görə “qara kağıza” imza atırdılar. Indiki halda isə qohum-əqrəba “filankəslə qan qohum olduğumuza görə təəssüf edirik və bu qohumluğa son qoyuruq” mesajı verirlər. Yəqin bu “taktika” sırf mühacirətdə olanlar üçün kəşf edilib və mənəvi işgəncə üsuludur.
Amma bu ölkədə uzun müddətdi qeyri-rəsmi imtina prosesi gedir. Insanlar o qədər ağır şəraitdə yaşayırlar ki, ən yaxın qohumlarını da ziyarət edə bilmirlər. Mənim elə qohumlarım var ki, 1 ildir üzünü görmürəm, hətta telefonla da danışmıram. Xeyir-şər məclisləri olmasa, bəlkə də qohumları tamam unudarıq. Ona görə yox ki, vaxt ötdükcə yaxınlarımıza sevgimiz azalır, ona görə ki, vaxt ötdükcə qayğılarımız artır. Yəni bu ölkədəki tendensiya kütləvi imtinalar yaradır. Bu ölkə getdikcə imtinalar məkanına çevrilir. Bu ölkədə kredit borcu ən yaxın qohuma çevrilib və gecə-gündüz bu arzuolunmaz qohumun vüsalı ilə yaşayırsan. Ən xırda ehtiyacını ödəyə bilməyən adamların, qohumluq borcunu ödəməsi müşkül məsələdir. Cibində qəpik-quruşun səsi eşidilirsə, hansısa qohumun səsini eşitmək arzusu ölür. Demək istəyirəm ki, Qənimət Zahidin, Emin Millinin timsalında “rəsmiləşən” imtinalar, əslində ümummilli məsələyə çevrilib.
Məsələnin konkret siyasi şərhinə gəlincə, baş verənlər utancvericidi. Bu ölkədə mənəvi qohumlarını qətlə yetirən xeyli adam var. Indi bu “qohum qatilləri” vicdanlı insanları qohum sınağına çəkirlər. Doğrudan da qəribə mənzərədi. Puldan, vəzifədən, müxtəlif ənamlardan imtina edənlər doğmalarının imtinası ilə qarşılaşırlar. Mən bu “imtina dəstəsi”ndən qətiyyən incimirəm. Əgər imtina etmək bəlalardan xilas edirsə, yubanmadan imtina edin. Sabah mənim hansısa qohumum imtina kampaniyasına qoşulsa, içimdə nifrət toxumu əkməyəcəm. Mən bütün qohumlarımı dünyalar qədər sevirəm. Amma bu dünyanı da mənəvi qohumlarıma görə sevirəm. Yuxarıda sadaladığım həmin qohumlardan imtina etsəm, qan qohumluğunun mənim üçün zatən bir önəmi qalmaz.
Amma bir məqamı qətiyyən unutmayın. Unutmayın ki, bu ölkədə baş verənlər özümüzdən imtinanın nəticəsidir. Vətəndaş olmaqdan imtina edəndə, bütün hüquqlardan, arzulardan, qürurlu həyatdan da imtina etmiş oluruq. Onu da unutmayın ki, heç kim ölümdən imtina edə bilməyəcək. Həyat imtina edə bilməyəcəyimiz qanunlarla möhürlənibsə, həqiqətlərdən niyə imtina edək?
Əslində, hamımız imtina etməyə gecikirik. Amma qohumlardan yox, yadlardan imtina etməliyik.