Məhəmməd Talıblı: «Rusiyadakı həmvətənlərimizin Azərbaycana göndərdikləri vəsait azalacaq»
Dünya bazarında neftin qiyməti ucuzlaşdıqca Rusiyada rubl da dollara nisbətdə kəskin ucuzlaşır. Rusiyada 1 dollar 60 rubla qədər bahalaşıb.
Qeyd edək ki, bir neçə ay əvvəl rus rublu kəskin ucuzlaşsa da, sonran məzənnəsində sabitləşmə müşahidə edildi. Amma xüsusən son 10 gündə dünya bazarında neftin qiymətində yenidən ucuzlaşma dərhal rubla da təsirini göstərdi və Rusiya valyutası dollara nisbətdə dəyərini 17 faiz itirdi. Bu tendensiya davam edəcəyi təqdirdə prosesin qonşu ölkələrə təsiri də diqqətlə izlənilən məsələlərdəndir.
Rubl ətrafında baş verənləri, prosesin qonşu dövlətlərə, o cümlədən Azərbaycana təsirini şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, Rusiyanın pulunun dəyərdən düşməsi bu ölkənin xarici ticarət dövriyyəsinə öz təsirini göstərəcək. Başqa sözlə, Rusiyanın büdcə daxilolmalarının payı aşağı düşəcək. O cümlədən, gömrükdən büdcə daxilolmaları da azalacaq.
“Qərbin tətbiq etdiyi sanksiyalarla yanaşı, üstəlik, ölkənin milli valyutasının da dəyərdən düşməsi Rusiya iqtisadiyyatındakı problemləri daha da şiddətləndirəcək, – deyə Məhəmməd Talıblı bildirib.
Ekspert onu da qeyd edir ki, Rusiya iqtisadiyyatında baş verən neqativ hallar bu ölkə ilə ticarət əlaqələri olan digər ölkələrə də təsirsiz ötüşməyəcək: “O cümlədən Azərbaycana da mənfi təsiri olacaq. Əlahiddə təsirdən söhbət getməsə də, baş verənlər ümumilikdə xarici ticarət dövriyyəsinə təsiri olan faktordur. Digər tərəfdən, yaranacaq problem Rusiya iqtisadiyyatında canlanmanın qarşısını alacaq. Bu da Rusiyada yaşayan həmvətənlərimizin gəlirlərin, o cümlədən onların Azərbaycandakı yaxınlarına göndərdikləri vəsaitlərin azalması ilə nəticələnəcək”.
Emil