Son əməliyyatlarda 200-ə yaxın PKK-çı öldürülüb
Davudoğlu: «Terror təhdidi aradan qalxana qədər bu əməliyyatlar davam edəcək»
Türkiyə Suriyada IŞID-ə, Iraqın şimalında PKK-ya qarşı əməliyyatları davam etdirir. Son günlər ağırlığı PKK-ya verən türk ordusu silahlı qruplaşmanın Iraqdakı düşərgələrinə ardıcıl hava zərbələri endirir. Türkiyə xüsusi-xidmət orqanlarından verilən məlumata görə, həyata keçirilən antiterror əməliyyatlarında PKK-nın 130 hədəfi vurulub, 190 PKK-çı öldürülüb, 300-ü isə yaralanıb. Türkiyə tərəfinin itkiləri bu rəqəmlə müqayisədə xeyli azdır. Son olaraq iyulun 30-da PKK 5 türk əsgərini şəhid etmişdi.
Şəhid yaxınından Davudoğluna sərt sözlər
Onlardan birinin – şəhid Həmzə Yıldırımın dəfni dünən Ankarada olub. Dəfn mərasiminə baş nazir Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin sədri Ismət Yılmaz, CHP başqanı Kamal Kılıçdaroğlu, MHP başqanı Dövlət Baxçalı, Baş Qərargah rəisi Necdet Özəl də qatılıb. Şəhid yaxınlarından olan bir qadının qışqıraraq Əhməd Davudoğluna “Artıq yetər, bacara bilmirsizsə, gedin” deməsi ətrafda bir neçə dəqiqə sükut yaradıb. Mərasim boyu Davudoğlunun başının ahağı olması və şəhid atasının əlini bir an belə, buraxmaması diqqət çəkib. Mərasimlə bağlı ciddi təhlükəsizlik tədbirləri görülüb, polis cənazə namazının qılındığı Kocatəpə məscidinin ərazisinə ətrafdakı insanları, eləcə də media nümayəndələrini buraxmayıb. Dəfnə gələn insanlar bir neçə dəfə “Şəhidlər ölməz, vətən bölünməz!” şüarını səsləndiriblər.
Dünən Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi səkkizinci hava əməliyyatı şəhid Həmzə Yıldırımın adını daşıyıb. Əməliyyatda 30 qırıcı təyyarə iştirak edib və Iraqın şimalındakı PKK düşərgələri bombalanıb. “F-16”lar Kandil, Zap, Metina, Hakurk, Haftanin bölgələrində terrorçulara məxsus mövqeləri nişan alıblar. Əməliyyat Ankaradakı Kocatəpə məscidində şəhid Yıldırımın cənazə namazı qalınarkən başladılıb.
Türkiyə XIN-dən Iraqa etiraz bəyanatı
Türkiyənin Iraqın şimalında PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlara Bağdaddan etiraz gəlib. Iraq hesab edir ki, Türkiyə bu əməliyyatlarla ölkənin ərazi bütövlüyünə təhdid yaradır. Türkiyə Xarici Işlər Nazirliyi operativ reaksiya verərək Iraqın bu bəyanatından təəssüfləndiyini bildirib: “Ölkəmizin terror hücumlarına beynəlxalq hüquq çərçivəsində verdiyi cavabların, Iraqda məskunlaşan PKK terror təşkilatına qarşı əməliyyatlarımızın rəsmi Bağdad tərəfindən bu cür qiymətləndirilməsi bizi məyus edir. Iraq hökuməti öz ərazisindən Türkiyəyə yönəlik hər hansı hücuma izin vermədiyini bəyan etsə də, bunun belə olmadığı, PKK silahlılarının illərdir bu torpaqlarda sığındığı hər kəsə bəllidir. Torpaqlarının üçdə-biri terror təşkilatının nəzarətində olanların və sərhədlərini nəzarətdə saxlaya bilməyənlərin Türkiyənin terrorçulara qarşı əməliyyatını bu cür dəyərləndirməsini heç cür başa düşə bilmirik. Bu yanaşmanı qəbul etmək qeyri-mümkündür”.
Baş nazir Əhməd Davudoğlu isə terror təhlükəsi aradan qalxana qədər əməliyyatların davam edəcəyini bildirib: “Terrora qarşı mübarizədə bütün cəmiyyət çiyin-çiyinə olmalıdır. Biriləri demokratiyaya zərbə vurmaq üçün “düyməyə basıb”. Ramazan bayramından bir gün sonra DAEŞ terrorçu hücumlarına başladı və Şanlıurafada 32 vətəndaşımızı qətlə yetirildi. Həmin gün bir əsgərimiz də PKK tərəfindən şəhid edildi. 22-23 iyul tarixlərinə diqqət yetirin. Savaş elan edənlərin mərkəzlərinə basqın oldu. Çözüm mərhələsini istismar edənlərə səslənirəm – bizim iradəmiz sabit olub, indi də sabitdir. Bu mərhələni istismar edərək polisimizi şəhid edcəklərsə, bunu qəbul edə bilmərik. Silahlı qruplar Türkiyəni tərk edənə və terror təhdidi aradan qalxana qədər bu əməliyyatlar davam edəcək”.
Davudoğlu budəfəki çıxışında da HDP başqanına səslənməyi unutmayıb: “Sizlər bu millətin səsiylə Türkiyə Böyük Millət Məclisinə gəldiniz. Indi qeyri-qanuni bir silahlı mücadiləni necə müdafiə edə bilirsiz? Hansı Avropa ölkəsində deputatlar arxasını terror təşkilatına dayamaq cəsarəti göstərə bilər?!”.
PKK Tehran-Ankara qatarına hücum etdi
Iyulun 30-da Türkiyədən Irana gedən yük qatarını partladan PKK silahlıları dünən də Tehrandan Ankaraya gələn sərnişin qatarına hücum ediblər. Van bölgəsindəki bombalı hücumda qatar xətdən çıxsa da, aşmayıb. Nəticədə 17 sərnişindən iksinin yaralandığı, qatarın bir neçə vaqonuna ziyan dəydiyi bildirilir. Sərnişinlərdən 14-ü Türkiyə, 3-ü Iran vətəndaşı olub. Yarılılar dərhal xəstəxanaya aparılıb və qatar sürətlə ərazidən uzaqlaşıb. Qeyd edək ki, terrorçu qruplar demək olar ki, hər gün Türkiyənin müxtəlif bölgələrində bu cür hücumlar təşkil edirlər.
Vətəndaşlar terrora qarşı könüllü xidmət aparmaq istəyir
Terrora qarşı mübarizədə Türkiyə hökumətinə dəstək vermək və könüllü hərbi xidmət aparmaq üçün hər gün xeyli sayda insan ölkənin Silahlı Qüvvələrinə müraciət edir. Türkiyə Baş Qərargah rəisi bəyan edib ki, vətənpərvər insanların bu müraciəti onları olduqca qürürlandırıb: “Bu müraciətləri təqdirlə qarşılayır və bizi çox ruhlandırdığını bildiririk. Vətəndaşlarımıza təşəkkür edərək bildiririk ki, Türkiyə Silahlı Qüvvələri öz qəhrəman əsgərlərindən ibarət heyəti ilə millətimizin təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bundan sonra da özünə yaraşan şəkildə yerinə yetirmək gücündədir”.
Gültəkin