İyulun 31-də Baş Prokurorluqda 2015-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2015-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən digər hüquq mühafizə qurumları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.
2015-ci ilin birinci yarımilində qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətlərindən 96 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayət olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnən 41 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,9% (2014-cü ilin müvafiq dövründə 88,4%) təşkil edib.
2015-ci ilin birinci yarısında da Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.
Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.