"Tanınmış ilahiyyatçı alim, Milli Şuranın üzvü, şərlə mübarizənin öncüllərindən biri olan Hacı Tale Bağırzadəni nisbi azadlıqda – özünün dediyi kimi, böyük zindanda salamlayıram. Kiçik zindanı tərk etdiyinə görə Hacının özünü, yaxınlarını və bütövlükdə demokratik ictimaiyyəti təbrik edirəm.
Hər kəs bilirdi ki, Hacı Tale ölkədəki haqsızlıqla, hüquqsuzluqla mübarizə apardığı, ədalətsizliklə barışmadığı üçün şərlənərək həbs olunmuşdu. Nə gizlədim, şadam ki, Hacı Tale həbsxanaya hansı baxış və prinsiplərlə getmişdisə, həmin ovqatla da çıxıb. Yaşadığı çətinliklər, məhrumiyyətlər onu nəinki dəyişə bilməyib, əksinə daha da möhkəmləndirib.
Əlbəttə, xeyirlə şər əkizdir, hər gecənin bir gündüzü, hər zülmün bir sonu var. Dünən biz İlqar Məmmədova, Asif Yusifliyə, Emin Milliyə, Qənimət Zahidə edilən zülmlərin acısını paylaşırdıq, bu gün Hacının nisbi azadlığa çıxmasının, vicdan məhbuslarımızın sayının bir nəfər azalmasının sevincini paylaşırıq.
Heç şübhəsiz ki, tariximizin bu ağır günləri keçəcək, digər siyasi məhbus olan dostlarımız da azadlığa çıxacaq. Və bir gün Azərbaycan da azadlığa çıxacaq. Mütləq!"
Cəmil Həsənli: "O, cəzaçəkmə yerində də özünü azad hiss edirdi və məhkumluğu dövründə göstərilən bütün təzyiqlərə rəğmən öz dini ideallarından və dünyəvi prinsiplərindən uzaqlaşmadı"
"Dəyərli dostlar! Dünən axşam tanınmış ilahiyyatçı alim, Milli Şuranın üzvü Tale Bağırzadə azadlığa buraxılıb. Onu qanunsuz olaraq narkotik maddə saxlamaqda ittihamı ilə şərləyib iki il müddətinə azadlıqdan məhrum etmişdilər. Dünən bu müddət tamam oldu və o axşam saatlarında həbs yerindən azad edildi. Çox mütərəqqi haldır ki, həbsxanadan evinə gələnə qədər Hacının cibinə yeni narkotika porsiyası atmayıblar. Tale Bağırzadə ölkənin ən nüfuzlu, mükəmməl təhsil almış din adamıdır, kamil iman sahibidir. Əslində, o, cəzaçəkmə yerində də özünü azad hiss edirdi və məhkumluğu dövründə göstərilən bütün təzyiqlərə rəğmən öz dini ideallarından və dünyəvi prinsiplərindən uzaqlaşmadı. Əgər xatırlayırsınızsa onun əleyhinə işgəncə yolu ilə ifadə verməyə məcbur edilən dindar Kamran Seyidov Tale Bağırzadənin məhkəməsindən bir gün öncə özünü intihar etmişdi. O, intihardan əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bu işə məcbur edildiyi barədə məktub yazıb qoymuşdu. Azadlığa çıxması münasibəti ilə Tale Bağırzadəyə və onun yaxınlarına gözaydınlığı veririk".