Bir məclisdə söhbət zamanı amerikalıÿ"bizim hədəflərimiz var, Marsa gedəcəyik" deyir. Buna qarşılıq olaraq alman qonaq “biz yanacaqsız gedən avtomobil istehsal edəcəyik” deyə cavab verir. Söhbətə qoşulan fransalı “bizim də atom bombasını təsirsiz hala gətirəcək layihələrimiz var” söyləyir. Masadakı dördüncü qonaq bir qaradənizli olur. O da həmsöhbətlərindən geri qalmamaq üçün: “Biz də Günəşə gedəcəyik” deyir. “Günəşə gedə bilməzsiniz. Günəş yandırar”- deyə səslənir hər kəs. Qaradənizli gülümsəyərək cavab verir: “O qədər də avam deyilüz, tabüü. Axşam serunlüyunde gedəcəyüz”.
Bizim işlərimiz də qaradənizlinin dediyinə bənzəyir. Bu işləri necə “ustalıqla” gördüyümüzü ən gözəl şəkildə dahi Üzeyir bəy anladıb illər öncə. Yəni biz hər zaman boyumuzdan böyük işlər görməyə qərar verər, sonra onun əlində əsir-yesir qalarıq. Xülasə, qaş düzəltdiyimiz yerdə göz çıxararıq. Ya da bəyan etdiyimiz filin əvəzinə, zor-güc bir siçan düzəltməyə bacarığımız çatar. Onu da aramızdan bir acgöz pişik çıxıb elə yerindəcə yeyər. Beləliklə, hər şey olar alt-üst. Həm əməyimiz boşa çıxar, həm də olub-qalan həvəsimiz tükənib gedər. Bir də bizi qaldığımız yerdən tərpədə bilənin ölənləri rəhmətlik. O üzdən, işimizin yolunda, tempində, qaydasında getməsi və xəyal qırıqlığı yaşanmaması üçün nə etmək lazım? Hər şeyi vaxtında, ölçüsündə və ən önəmlisi, imkanımıza, gücümüzə uyğun hesablamamız lazım…
Neft bumunun gur vaxtında dövlət rəsmiləri “regionda lider dövlətik” deyib öyünürdü. Region ölkələrini da özünüz bilirsiniz. Biri Gürcüstandır ki, yaşayış imkanları bizdən çox-çox məhdud olsa da, maaşları, xərcləri, qiymətləri bizdən xeyli sərfəlidir. Ölkədə qanun-qayda var, rüşvətin kökü kəsilib, demək olar. Turizm imkanları ildən-ilə inkişaf etdirilir və ölkəyə milyonlar gətirir. Ikinci ölkə – Ermənistanla da məsələ aydındır. Qəsbkardır, torpaqlarımızın 20 faizini alıb oturub, oraları istədiyi kimi tikib-qurur. Heç xoşluqla o yerləri tərk etmək niyyətində də görünmür. Ölkə vətəndaşlarının hüquqlarına münasibətdə də bizdən müqayisəolunmaz dərəcədə irəlidədir. Son aylar paytaxt şəhərdə keçirilən və ciddi zorakılıq olmadan günlərlə davam edən etiraz aksiyaları buna açıq sübutdur. Biz də hələ liderlikdən və analoqsuz inkişafdan danışırıq. Allah xatirinə, hardadır o analoqsuz inkişaf?
Bəli, danılacaq şey deyil ki. Böyük imkanları əridib, özünü çıxılmazlıq girdabına salmaqda bizim bir bənzərimiz yox. Illərdən bəri neft və qaz istehsalından ölkənin xəzinəsinə yığılan 115 milyard dolların külünü göyə sovurub, xarici ölkələrdən kredit dilənməyimiz kimi. Məlum olan acı gerçəyi bilən bilir. Bilməyən də bilsin ki, hazırda ölkənin xarici borclarına görə bizim hər birimizin üstünə düşən borcun məbləği 675 dollardır. Hələlik 675 dollar. Çünki hökumətimizin illər öncədən məlum milyardların xəyalı ilə planlayıb yarı-yarımçıq qoyduğu çoxlu işlər var. Nə yazıq ki, bu işlərin də heç başı-ayağı nə, bilən yox. Ölkədə istehsal yox dərəcəsinə düşüb, kənd təsərrüfatı bərbad halda. Lakin neft pulları gəlməmişdən öncə xalqa başqa şeylər deyilmişdi. “Uzaqgörən siyasət” sayəsində ölkə çiçəklənib irəli gedəcəkdi. Insanlar xoşbəxtlikdən göylərə uçacaqdı. Amma indi baxıram ki, bizim heç yerə gedəcəyimiz və ya uçacağımız yox. O deyilənlər də elə “axşam sərinliyində Günəşə getmək2 kimi nağıl imiş. Donub qalmışıq, hər tərəf də qaranlıq…