Məhəmməd Talıblı: «Rusiyadan gələn vəsaitin azalması həmvətənlərimizin ya iş yerlərini itirməsi, ya da gəlirlərinin azalması ilə bağlıdır»
Bu ilin I rübündə pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transfertlərinin həcmi 182 mln. dollara çatıb. Rusiyanın Mərkəzi Bankı xəbər verir ki, bu 2014-cü ilin I rübü ilə müqayisədə 109 mln. manat və ya 37,4% azdır.
Məlumata görə, bu ilin 3 ayında Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124 mln. ABŞ dolları və ya 49,6% azdır. Qeyd edək ki, bu ilin ilk üç ayında hər əməliyyat üzrə orta hesabla 419 ABŞ dolları köçürülüb.
Xatırladaq ki, 2014-cü ilin I rübündə pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 250 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pulköçürmənin orta məbləği 609 ABŞ dolları olub.
Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, burda artım müşahidə olunub. Belə ki, bu ilin yanvar-mart aylarında hər əməliyyat üzrə orta məbləğ 700 ABŞ dolları olmaqla ölkəmizdən şimal qonşumuza ümumilikdə 56 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2014-cü ilin müvafiq dövründəkindən 15 mln. ABŞ dolları və ya 36,6% çoxdur. Başqa sözlə, ötən ilin ilk rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 754 ABŞ dolları olmaqla ümumilikdə 41 mln. ABŞ dolları həcmində vəsait daxil olub (APA).
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Rusiyadan ölkəmizə köçürmələrdə azalmalar sanksiyalardan sonra Rusiya iqtisadiyyatında tənəzzül elementlərinin güclənməsilə bağlıdır. Nəticədə biznesin gəlirləri azalıb, bu sahə nisbətən sönük dövrə qədəm qoyub: “Rusiyadan gələn vəsaitin azalması ya orada yaşayan həmvətənlərimizin iş yerlərini itirib, ölkəmizə dönməsi, ya da gəlirlərinin azalması fonunda yaxınlarına vəsait göndərə bilməməsiylə bağlıdır. Rusiyaya köçürülən vəsaitlərin artması isə nə orada qiymət ucuzlaşmasına görədir, nə də devalvasiya qərarından sonra dəyərini itirən manatın konvertasiyasından sonrakı fərqlə bağlıdır. Burada daha çox ehtimal edilən ölkədə sahibkarlarla bağlı inzibati təzyiqlərin artması və Avropa Oyunları ərəfəsində daha çox bəd-xəracın artması, devalvasiyadan sonra daxildəki bazarlarda dinamizmin itməsinə görə mühacir kapitalın ölkədən kənara axmasıdır”.
M.Talıblının sözlərinə görə, hər bir halda həm rüblər üzrə azalmalar, həm də ölkə iqtisadiyyatlarında əlaqələrin zəifləməsi onu deməyə əsas verir ki, ilin sonuna bütün köçürmələrin yekunu 1 milyard dolları aşmayacaq. Çünki, rüblük köçürmələrdəki belə templə azalmalar ölkəmizə gələn köçürmələrin 20-30 faiz azalması ilə yekunlaşacaq.
Xəyal