elnurastanbeyli@gmail.com
YAP-çılar “idman ölkəsi”nə çevrildiyini fəxrlə bəyan etdikləri Azərbaycan 2015-ci ildə “Formula-1", 2017-ci ildə isə Islam Oyunları keçirilməlidir. Bu iki tədbir bizə yenə milyonlarla manat büdcə pulunun başına daş salınmasdı hesabına başa gələcək. Keçənlərdə jurnalistlər Azad Rəhimovdan ”Formula-1"ə nə qədər vəsait xərclənəcəyini soruşmuşdular, o da suala konkret cavab verməmək üçün min dərədən su gətirmişdi.
Məncə, düz də eləmişdi. Neft özlərinin, neft pulu özlərinin, kimə nə qalıb, hara və nə qədər xərcləyəcəklər?! Bu öz yerində.
Bəlkə də çoxunuz bilmirsiniz ki, qarşıdakı bir ildə yaptokratlar daha iki bahalı turnir keçirəcək. Bunun biri payızda baş tutacaq şahmat üzrə Dünya Kuboku, digəri isə 2016-cı ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasıdır. Hətta bununla bağlı iki il əvvəl Ilham Əliyevin sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb, onun sədri də baş nazirin birinci müavini Yaqub Eyyubovdur. Bir sözlə, siz bu ölkədə on minlərcə ailə yoxsulluq girdabında çapalayarkən, kredit bataqlığında boğularkən, saysız-hesabsız vətəndaş elementar müayinə-müalicə üçün pul tapmayıb onun-bunun əlinə göz dikərkən hansısa “Formula-1", yaxud Islam Oyunlarına ətək-ətək pul xərclənməsinə ağız büzürsünüz, ancaq xəbəriniz yoxdur ki, ölkəmizə dayanmadan ”fil"in digərləri də gəlir. Gəlişmiş ölkələrin ev sahibliyi etmək istəmədiyi, pul xərcləməyi israfçılıq saydığı Ümumdünya Şahmat Olmpiadası kimi.
***
Bunlar fəxrlə bəyan edirlər ki, Azərbaycan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir. Hə, nə olsun?! Əvəzində ölkə şahmatı sürətlə çökür. Uzağa getməyək, təzəlikcə Gürcüstanda, Çakvidə qadınlar arasında 16-cı şəxsi Avropa çempionatı başa çatdı, çempionatın əsasnaməsinə görə, ilk 14 yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanmalı idi. Yarışa Azərbaycandan 13 xanım şahmatçı qatılmışdı, onlardan ən yaxşı nəticəni göstərən Xəyalə Abdulla olmuşdu, o da… 31-ci yeri tutmuşdu! Yəni bu yarışda Dünya Çempionatına bir vəsiqə də qazana bilməməyimiz bir yana, göstərdiyimiz nəticələr ümumilikdə Azərbaycanda şahmatın nə qədər sürətlə dibə vurduğunu bir daha ortaya qoymuşdu.
Yəni məsələ hər hansı dövlət proqramı qəbul etməkdə-zadda deyil. Ona qalsa, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı qəbul edildikdən sonra gərək bizim neftdən asılılığımız iynə ucu boyda da olsa azalaydı. Ölkədə regionların inkişafı ilə bağlı neçə dövlət proqramı qəbul edildiyini unutmuşuq, adam sayıb çatdıra da bilmir. Amma bu rayonların taleyində nəyi dəyişib? Onlar işsizlik, yoxsulluq, natəmizlik girdabında çapalayırlar. Bir sözlə, idaretmə yarıtmazdırsa, dövlət proqramı-filan boş şeydir, kağız parçasıdır, hər hansı müsbət dəyişiklik yarada bilməz.
Yaratsaydı, hər şey bir yana, ölkədə heç olmasa, son 30 ildə Faiq Həsənovdan qeyri beynəlxalq dərəcəli ikinci bir hakim yetişdirmək mümkün olardı. Əlbəttə, Faiq müəllimin bir güləşçidən hazırladığı beynəlxalq şahmat hakimini istisna etsək! Bu ki, bir o qədər çətin deyil. Digər idman növləri – tutaq ki, boks, yaxud futbol hakimliyi ilə müqayisədə şahmat hakimliyi üçün xüsusi qabiliyyətə ehtiyac yoxdur axı! Indi Şahmat Federasiyasındakılar, ələlxüsus da elə Faiq müəllim özü izah etsin görək, niyə, hansı məqsədlə 30 ildir ona alternativ tapılmır?!
Şahmat Federasiyasının başqa bir “staj”niki – Fikrət Südeyifzadə desin görək, “FIDE üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlət” olduğumuzu fəxrlə bəyan etdikləri halda FIDE reytinqlərində göstəricilərimiz, böyük turnirlərdəki nəticələrimiz getdikcə pisləşir? Nədir bu absurdun, ziddiyyətin sirri?!
***
Sonda onu da deyək: beynəlxalq tuirnirlərə ətək-ətək pul tökməklə Azərbaycanda şahmatı diriltmək filfilodur. Belə turnirlərin sadəcə, dəbdəbə görsənişi olmaqdan başqa heç bir mənası yoxdur.
Ondansa rayonlardakı xeyli şahmat məktəbinin dağılmasının, var olanların da qapısından qıfıl asılmasının, ya da onların qapısını kimsənin döyməməsinin hesabını vermək, səbəblərini açıqlamaq lazımdır.
Yoxsa Azərbaycan şahmatı dibə vurmaqda davam edəcək.