Rəşad Babalı
AzTV əməkdaşı işdən çıxarılıb. Belə baxanda adi xəbərdi. Kimsə işə girər, kimisi işdən çıxarılar. Hər gün bəlkə yüzlərlər belə işlər baş verir. Lakin bu olayı mənim üçün qeyri-adi edən jurnalistin müraciəti və harada işləməyidir.
Ağanisə Sultanova adlı Aztv-nin xəbərlər departamentinin müxbiri iddia edir ki, Azərbaycan Televiziyası QSC-nin rəhbəri Arif Alışanov onu işdən haqqsız olaraq çıxardıb. Ağanisə xanım bununla bağlı FB profilindən belə bir status paylaşıb:
“Əziz Dostlar, son durumu diqqətinizə çatdırıram, artıq nəfəs belə ala bilmirəm. 9 ildir həftənin 7 günü işlədiyim AzTV-nin qapısından çıxanda polislər saxladılar. Üzr istəyib, dedilər ki, biz utanırıq, amma rəhbərlik tapşırdığı üçün çantanızı yoxlayıb, telefonla şəkillər çəkməliyik, yoxsa bizi işdən qovacaqlar(?). Təsəvvür edirsinizmi, 4 televiziyaya (ITV-də daxil) rəhbərlik edən AzTV sədri Arif Alışanovun hərəkətinə yəqin ki, 1937-ci ildə də rast gəlinməyib. Bloknot, kitab, qələm və bura gəldiyim gündən reportajlarımı köçürdüyüm, öz pulumla aldığım şəxsi kasetim, qəzet və s. Kasetimi aldılar ki, baxılmalıdır, tapşırıq belədir(?). Sonra da dedilər ki, xahiş edirik sabah səhər vəsiqəni qapıya gətir, səhər təhvil verməsək, işimizi itirərik(?). Sizə həmişə böyük hörmətimiz olub, utanırıq, tapşırıq belədir(?). Dönə-dönə üzr istəyən polisləri yaxşı anladım, amma evə necə gəlib çıxdığımı bilmədim. Qrup yoldaşım Aygün Muradxanlı məni həmkarlarımdan dəstək istəməkdə günahlandırır(?). Kimisə dəstək verməyə məcbur etmirəm, amma 16 yaşımdan bu Dövlətə, Milli Maraqlarımıza, Cənab Prezidentin apardığı siyasətə xidmət etmişəm! Bu gün, daha doğrusu, 2 ildir ki, AzTV sədri Arif Alışanovun ədalətsizlikləri ilə bağlı cənab prezidentə müraciətimə görə mənəvi terrorla üz-üzəyəm, ötən il maşın qəzasından sonra aldığım xəsarətin fəsadı özünü göstərir! Cənab prezident, son ümidim Sizə, Sizin Ədalətinizədir, xahiş edirəm, jurnalist, vətəndaş kimi hüquqlarımın bərpa olunmasında yardım edin! Arif Alışanovun fironluğuna son qoymağınızı xahiş edirəm, artıq nəfəs ala bilmirəm.
Ağanisə Sultanova, AzTV-nin Ictimai-Siyasi Proqramlar Baş Redaksiyasının keçmiş əməkdaşı".
AzTV əməkdaşınınmı, yoxsa sədrininmi haqlı olması mənim üçün önəmli deyil. Ölkədə daha ciddi məsələlər var. Qanunların və məhkəmənin ədalətli işləmədiyi ölkədə ha bir nəfər işsiz, ha bir nəfər işli, nə fərq edər.
Ağanisə Sultanova AzTV-nin xəbərlər departamentində Almaniyanın acından gəbərməsindən, Avropada işsizliyin tüğyan etməsindən, dünyanın təbii və süni fəlakətlərlə çalxalanmasından, amma Azərbaycanın bütün bunların arasında sabitlik adası olmasından xeyli süjetlər hazırlayıb. Prezidentin işsizliyin kələyini kəsməsi, artıq küçələrdə işsizlərin gündüz çıraqla axtarılması, regionun sprinter dövləti olması, dünyanın super dövlətlərinə ayar verməsi barədə reportajlarda da əli olub. Bütün bunlara da iş kimi baxıb. Bütün bunların doğru olması onu maraqlandırmayıb. Hesab edib ki, nə həddinədi. Dövlətçilik maraqları yalan danışmağı tələb edirsə, yerinə yetirilməlidir. Sonradan bütün yalanlara özlərini inandırdılar. AzTV gördükləri qatığa qara dedisə, səmimi-qəlbdən onu o rəngdə gördülər. Üstəgəl, müstəqil (həm də müxalif) jurnalistləri zəmanənin çəmini tapmamaqda suçladılar və aşağıladılar. “Əşşi nəyinə lazımdı düzünü demək. Başını aşağı sal, fırlan da. Eşitməmisən, düz düzdə qalır. El üçün ağlayan gözsüz qalar”.
Ağanisə xanımla heç bir tanışlığım yoxdu. Şəxsi heç bir qərəzim də yoxdu. Sadəcə çoxdandı axtardığım nümunə kimi o qarşıma çıxdı. Tezliklə daha layiqli və bol qazanclı iş tapmasını arzu edirəm.
Insanların biganə qaldığı, parçasına çevrildiyi bu cür eybəcər sistemlərin bir gün onları da çarxlarının dişləri arasında əzəcəyinin daha bir əyani sübutu kimi lazım oldu. Problemləri palazın altına süpürməklə, görməməzlikdən gəlməklə, “fərqli prizmadan” baxmaqla azalmır. Əksinə, daha da böyüyür və eybəcərləşir. Bu aqibət çoxlarını gözləyir.