Xəzər rayonunun Şağan qəsəbə sakini Ilham Kazımovun “Azadlıq”a müraciətinə DIN-dən cavab gəlib. Qeyd edək ki, Ilham Kazımov evinin Qəmbər Hacıyev tərəfindən ələ keçirildiyini, hüquq-mühafizə orqanlarının isə bu işə laqeyd yanaşdığını bildirmişdi.
DIN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bu müraciətlə tanış olduqdan sonra araşdırma aparıldığını bildirib: “Ilham Kazımovun şikayəti üzrə Xəzər Rayon Polis Idarəsinin 1-ci polis bölməsində aparılan təhqiqatlar zamanı müəyyən edilib ki, həqiqətən də o, 2010-cu ildə özünə məxsus bağ evini 90.000 ABŞ dollarına Qəmbər Hacıyev adlı şəxsə satıb. Qarşılıqlı razılığa görə Qəmbər Hacıyev ümumi məbləğin 30.000-ni dərhal ödəyib. Sonradan isə ”Prado" markalı avtomaşınını da pul əvəzi verib. Ilham da bağı onun adına keçirəcəyinə söz verib. Lakin o vədinə əməl etmədiyi üçün aralarında narazılıq yaranıb. Məhz 1-ci polis bölməsində aparılan araşdırmanın nəticəsi olaraq Qəmbər Hacıyev Ilhama əlavə olaraq özünə məxsus “Mercedes” markalı avtomaşını və 10.000 dolları verib. Və bundan sonra tərəflərin razılığı ilə Qəmbər Hacıyev aldığı mülkü öz adına sənədləşdirib. Onların bu razılaşmasını rəsmi sənədlər və şahid ifadələri də təsdiq edir. Lakin sonradan Ilham Kazımov yenidən şikayət etməyə başlayır ki, hələ də Qəmbərin ona 30.000 dollar borcu qalıb. Qarşı tərəf isə göstərilənlərin şər və böhtan olduğunu bildirərək deyir ki, əgər borclu qalmışdımsa, niyə o, 4 il ərzində şikayət etməyib? Çünki qeyd etdikləri böhtandır, məndən əlavə pul almağa çalışır. Buna baxmayaraq, Qəmbər Hacıyev verdiyi 2 ədəd avtomaşını, pulları və evin təmirinə xərclədiyi vəsaiti geri qaytaracağı təqdirdə həmin bağ evini Ilhama qaytarmağa hazır olduğunu bildirib.
Ilham Kazımovun ərizəsi əsasında 1-ci polis bölməsində toplanmış materialda cinayət tərkibi aşkar edilmədiyindən Cinayət Prosessual Məcəllənin müvafiq maddələrinin tələblərinə uyğun olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Tərəflər arasında olan mübahisənin mülki məsələ olduğundan, Mülki Prosessual Məcəllənin 25-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək hüququ ərizəçiyə izah edilmiş və qərarın surəti məlumat üçün ona verilib".