Türk ordusu yenə şəhid verdi, bir neçə əsgər yaralandı
Bülənt Arınç: «HDP şou göstərir, hədəfi yayındırır»
Türkiyənin PKK-ya qarşı hava hücumları davam edir. Öz növbəsində, PKK silahlıları da xüsusən bölgələrdə türk əsgər və polislərinə ardıcıl hücumlar edirlər. Dünən Ağrı bölgəsində bir qrup PKK-çı yerli əsgərlərə atəş açıb. Nəticədə 3 türk əsgəri yaralanıb. Əsgərlərdən birinin vəziyyəti ağır olduğundan vertolyotla Ərzuruma aparılıb. Digər yaralılar isə Ağrıdakı xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra Türkiyə Müdafiə Nazirliyi bölgəyə əlavə güclər göndərib. Ağrı dağda gizlənən terrorçulara qarşı operativ əməliyyat başladılıb. Əməliyyat bir neçə saat davam edib. Axşam saatlarında ağır yaralı əsgərin dünyasını dəyişərək şəhid olduğu məlum olub.
Türk hərbiçilərini daşıyan avtomobil partlatdı
Növbəti insident Türkiyənin Elazığ bölgəsində olub. PKK silahlıları Elazığın Karakoçan kəndində hərbi avtomobilin keçdiyi yola bomba qoyublar. Uzaqdan idarə olunan bomba avtomobil əraziyə yaxınlaşan zaman partladılıb. İlkin məlumatlara görə, avtomobildəki hərbiçilərdən ölən olmayıb. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri ilə yaxınlıqdakı meşədə gizlənən PKK-çılar arasında atışma olub. İlk atəş terrorçular tərəfdən açılıb.
Dünən gün ərzində həm paytaxt, həm də bölgələrdəki polis idarələrinə hansısa məkana bomba qoyulduğu barədə xəbərdarlıqlar gəlib. Belə məkanlardan biri də İstanbulun «Taksim» meydanı olub. Polis bütün xəbərdarlıqları diqqətə alaraq yerindəcə araşdırmalar aparıb.
Suriya: «Türkiyə özünü qurban kimi təqdim edir»
Suriya tərəfi bir həftə əvvəl İŞİD silahlılarının açdığı atəş nəticəsində dünyasını dəyişən türk hərbiçi Mehmet Yalçın Nane ilə bağlı açıqlama yayıb. Bu, Suriya tərəfindən gələn ilk rəsmi reaksiyadır. Qeyd edək ki, İŞİD-çilər Suriya tərəfindən atəş açmışdılar. Buna cavab olaraq Türkiyə Silahlı Qüvvələri İŞİD-in mövqelərinə hava zərbələri endirmişdi. Məlum olub ki, Suriya Xarici İşlər Nazirliyi həm şəhid olan əsgər, həm də Türkiyədəki son gərginliklə bağlı Birləşmiş Millətlər Təşkilatına məktub göndərib. Məktubda BMT-dən Türkiyənin PKK, İŞİD və digər terror təşkilatlarına qarşı mübarizədə səmimi olub-olmadığı soruşulur: «Suriya Türkiyənin özünü qurban kimi göstərməsini qəbul etmir».
Suriyanın məktubda Ankaranı terrorçu qruplara dəstək verməkdə ittiham etdiyi də bildirilir.
Parlamentdə AKP və HDP arasında söz savaşı
Türkiyədə yaşanan son terror olaylarını müzakirə etmək üçün dünən Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclası keçirilib. Bütün partiyaların qatıldığı iclasda gərgin anlar yaşanıb, AKP-yə və prezident Ərdoğana ittihamlar ünvanlanıb. İttihamlardan sonra AKP-dən olan deputatlarla HDP-çi həmkarları arasında söz atışması olub. HDP-çi deputat Nursəl Aydoğanın atmacalarına cavab olaraq baş nazirin müavini Bülənt Arınçın «Qadın olaraq sən bir sus» deməsi gərginliyi bir az artırıb. HDP-çi deputatlar Arınçın üzr istəməsini tələb ediblər. Səsvermədən sonra HDP-nin bu tələbi qəbul olunmayıb. İclasdan sonra Arınç baş verənlərlə bağlı yazılı açıqlama verib: «Məclisdə hörmətli millət vəkillərinin heç birinə sözlə və ya hərəkətlə müdaxilə etmək üslubum deyil. Çıxışıma israrla müdaxilə edən xanıma «Xanıməfəndi, sus. Bir qadın olaraq sus» demək məclisin qaydalarına zidd deyil. HDP-çi deputatlar şou göstərirlər, hədəfi yayındırırlar».
Səsvermə zamanı JHP-çi deputatların təklifi də qəbul edilməyib. JHP-çilər son günlər artan terror olaylarının səbəblərinin araşdırılması və lazımi tədbirlərin müəyyən edilməsi üçün parlament araşdırılmasının aparılmasını təklif etmişdilər.
HDP başqanı Səlahəddin Dəmirtaş isə dünən bir qrup etirazçının hədəfinə tuş gəlib. Dəmirtaşın ziyarət etdiyi məkanlardan birinin qarşısında gözləyən aksiyaçılar HPD sədri bayıra çıxan kimi şüarlar səsləndirməyə başlayıblar. Etirazlara məhəl qoymayan HDP sədri avtomobilinə minərək ərazidən uzaqlaşıb. Aksiyaçılar bildiriblər ki, etirazın əsas səbəbi Dəmirtaşın HDP sədri olaraq PKK-nın terrorçu hücumlarına qarşı susqunluq nümayiş etdirməsidir: «Partiyasının silah daşıyan deputatını tənqid etmədi. Əsgərimizi şəhid edən PKK-çı barədə bir kəlmə söz demədi. Belə bir insanın partiya sədri olmasını qəbul etmirik».
Hökumət nümayəndələri təcili toplandı
Dünən axşam saatlarında isə baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə Ankaradakı Çankaya iqamətgahında təhlükəsizlik iclası keçirilib. Türkiyə vaxtı ilə 18.40-da başlayan iclasda baş nazirin müavinləri Bülənt Arınç, Yalçın Akdoğan, Numan Kurtulmuş, daxili işlər naziri Səbahəttin Öztürk, müdafiə naziri Vecdi Gönül, ədalət naziri Kənan İpək, Baş Qərargah rəisi general Necdet Özəl, milli təhlükəsizlik naziri Hakan Fidan da iştirak edib. Toplantıda terrora qarşı mübarizə, ölkə daxili və xaricində keçirilən əməliyyatlar müzakirə olunub.
Gültəkin