«Qızğın döyüşlərə» girən saytlar niyə «atəşkəs» elan etmir?
Qəribə ölkədə yaşayırıq. Bütün sahələrdə traqikomik vəziyyət yaşanır. Təbii ki, bu anormal vəziyyət media sahəsində də özünü göstərir.
Hakimiyyətin “media siyasəti” hər gün daha açıq şəkildə ifşa olunur. Xatırlayırsıza, bir müddət əvvəl PA rəhbəri Ramiz Mehdiyev jurnalistləri başına toplayıb müvafiq tapşırıqlarını verdi və xüsusən də hərbi sirr sayılan xəbərlərin ictimailəşməsinin zərərlərindən danışdı. PA rəhbəri ciddi xəbərdarlıq etdi və dezinformasiyaların yayılmasını da anti-Azərbaycan fəaliyyəti kimi qiymətləndirdi. Bundan sonra Prezidentin də jurnalistlərlə müəyyən görüşləri oldu və o da media işçilərinin məsuliyyətini xatırlatdı, media siyasətinin hökumət üçün prioritet olduğunu vurğuladı. Xüsusən də mətbuatın 140 illiyi ilə bağlı keçirilən tədbirlər, jurnalistlərə fəxri adların verilməsi geniş təbliğata çevrildi və telekanlallar, hökumət mətbuatı gecə-gündüz hökumətin mətbuata qayğısından, sağlam media siyasətindən danışır. Amma son günlər bəzi saytların cəbhədə yüksəklikləri ələ keçirməsi, Irəvana qədər gedib çıxaması, düşmənə ciddi itkilər verdirməsi yenə də aktuallaşıb. Hökumətin mədhinə xidmət edən saytlar, indi də müharibə aparmağa başlayıblar. Bu biabırçı vəziyyətlə bağlı bir tərəfdən Mətbuat Şurası, o biri tərəfdən Müdafiə Nazirliyi yekə-yekə bəyanatlar verir, belə informasiyaların yolverilməz olduğunu bildirirlər. Amma nəticə sıfırdı, “partizan saytlar” müharibəni davam etdirir və qanlı döyüşlərə girişib. Bu da hökumətin media siyasəti. Əslində baş verənlərdə təəccüblü heç nə yoxdur. Uzun illərdi bu “bronijilet”li saytlar müxalifəti təhqir edir, ictimai fəallar haqqında şər-böhtan tirajlayır, insanların haqsız həbsinə yalan donu geyindirir və.s. Hökumət isə bu tendensiyanı durdurmaq istəmir, iyrənc media siyasətinə “yaşıl işıq” yandırır. Ona görə də bu saytlar yalana, təxribata, təhqirə adaptasiya olunublar və başqa forma bilmirlər. Vaxtında hökumət bu dezolara haqq qazandırdı, vicdanlı insanların təhqir olunmasına göz yumdu və nəticə etibarilə mətbuatda anarxiya yarandı. Indi Müdafiə Nazirliyinin, Mətbuat Şurasının bəyanatları da işə yaramır. Bu saytlar hökumətin mahiyyətinin yalandan olduğunu bildikləri üçün, yalan tirajlamağa davam edirlər.
Sözə xəyanət edənləri mükafatlandıranda, ciddi mətbuatı sıradan çıxaranda, vicdanlı jurnalistləri şərləyib həbs edəndə, vəziyyət belə də olmalıydı. Nə qədər bəyanat yaysanız da, dezolara etiraz etsəniz də nəticə olmayacaq. Çünki, bu sizin “şah əsəri”nizdi. Ölkə mətbuatını şouya, hökumətin yarıtmaz siyasətinin təbliğatçısına çevirmisiniz.
Indi “müharibə”yə start vermiş saytlar “atəşkəs” elan etmək istəmir.
Akif