Fuad Qəhrəmanlı: «Rusiya cəbhədə atəşkəsi pozmaqla Qərbi təhdid, şantaj etməyə çalışır»
Cəbhədə artan gərginliyin fonunda baş verənlər, dünya dövlətlərinin atdıqları addımlar maraq kəsb edir. Belə ki, KTMT baş katibi Bordyujanın Ermənistana səfərindən sonra daha bir rus generalı düşmən ölkədə olub. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Idarəsinin rəisi, general-polkovnik Iqor Serqunun da Ermənistana səfər etməsi maraq doğurur.
Rusiyalı generallarının cəbhədə gərginlik sürdüyü bir zamanda Ermənistana səfəri, heç şübhəsiz, təsadüfi deyil. Bu tendensiya bir daha sübut edir ki, Rusiya Qərbin münaqişənin həlli ilə bağlı cəhdlərindən narahatçılıq keçirir. Ona görə də yaxın müttəfiqi Ermənistan vasitəsilə proseslərə nəzarət etməyə çalışır.
Baş verənlərdə daha bir maraq doğuran nüans Qərbin son zamanlar Azərbaycanla bağlı verdiyi bəyanatlardır. Aparıcı Qərb ölkələri, beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzü dəstəkləməklə, problemin həllini gündəmə gətiriblər.
Deputat Zahid Oruc rus generallarının Ermənistana səfərlərini ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı səylərinə qarşı yönəldiyini düşünür.
Hazırda əsas sual doğuran məqam rus generallarının Ermənistana səfərlərinin intensivləşməsi ilə bağlıdır? Bu tendensiya nədən xəbər verir? Baş verənlər cəbhədəki gərginliyin daha da artmasına gətirib çıxara bilərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, son vaxtlar Qarabağda atəşkəsin pozulması təsadüfi deyil. Qərb dairələrinin Qarabağ münaqişəsinin həlliylə bağlı təşəbbüslərinin intensivləşdiyini deyən F.Qəhrəmanlı bildirdi ki, Qərb eyni zamanda münaqişə tərəfi kimi Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edir: “Hiss olunur ki, əvvəlki illərdən fərqli olaraq Qərb Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə daha pozitiv yanaşır. Almaniya Bundestaqı, Avropa Şurası, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr qəbul edib, bəyanatlar verib. Bu isə Rusiyanın narahatçılığına səbəb olub. Rusiya narahatdır ki, Qərbin bu istiqamətdəki səyləri, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi problemin həlli imkanlarını getdikcə artırır, aqressiv Ermənistanın imkanlarını isə məhdudlaşdırır. Rusiya münaqişənin həllini pozmaq üçün Ermənistanı dəstəkləyir. Ermənistana 200 milyonluq silah yardımı edilib. Bütün bunlar Rusiyanın prosesdə vasitəçilik etmədiyini, Ermənistanın tərəfini tutduğunu göstərir”.
F.Qəhrəmanlının sözlərinə görə, münaqişə zonasında tez-tez atəşkəsin pozulması Qərbin diplomatik-siyasi cəhdlərinə bir cavabdır. Rusiya Qərbin səylərini münaqişənin yenidən hərbi fazaya keçə biləcəyi “kartı” ilə şantaj edir: “Azərbaycanın da Qərbə qarşı tutduğu mövqe bəllidir. Azərbaycan hakimiyyəti açıq Rusiya siyasəti yürüdür, Rusiyanın təsir dairəsinə daxil olmaqdadır. Ona görə Azərbaycan hakimiyyəti Rusiyanın Qərbə qarşı mövqelərini bölüşür. O cümlədən avtoritar Ermənistan da Rusiyanın Qərbə qarşı münasibətini bölüşür. Belə olan təqdirdə həm Rusiya, həm Ermənistan, həm də Rusiyaya açıq dəstək ifadə edən Azərbaycan birgə səylərlə cəbhədə atəşkəsi pozmaqla Qərbi təhdid, şantaj etməyə çalışırlar. Rusiyanın burada özəl marağı ondan ibarətdir ki, müharibə yenidən başlayarsa, Kreml həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını artırmış olur. Yəni, Ermənistana verdiyi silahlarla Rusiya regionda təsir imkanlarını genişləndirir”.
F.Qəhrəmanlının qənaətincə, indiki halda münaqişənin yenidən alovlanması Rusiyanın maraqlarına xidmət edir. Digər bir tərəfdən isə cəbhədə baş verənlər hakimiyyətlərini qoruyub saxlamaq istəyən avtoritar rejimlərə aid edilir.
Xəyal