Ölkə başçısı mətbuatı izləsə də, faktların izinə düşməkdən imtina edir
Son günlərin ən yadda qalan hadisəsi mətbuatın 140 illiyi və bu münasibətlə ölkədə baş verənlər oldu. Xüsusi ilə ölkə başçısının jurnalistlərə fəxri adlar verməsi və çıxışı geniş müzakirə mövzusuna çevrildi. Xatırlayırsızsa, məlum müşavirədə Ilham Əliyev mətbuata böyük önəm verdiyini, hər gün yerli qəzetləri, saytları oxuduğunu və əsas informasiyanı mətbuatdan aldığını bildirdi. Yəni, sübut etməyə çalışdı ki, onu aldatmaq müvəqqəti xarakter daşıyır və mətbuatla tanışq olduqdan sonra real vəziyyəti bilir. Əslində prezidentin bu açıqlaması xeyli sual meydana çıxarır. Əgər ölkə başçısı mətbuatı izləyirsə, bu qədər neqativlərə niyə səssiz qalı?
Məsələn, hər gün biabırçı məhkəmə proseslərindən, məmur özbaşınlağından, müstəqil mətbuata qarşı basqılardan həbs edən məqalələr dərc olunur. Deməli, Ilham Əliyev bütün bu xəbərləri oxuyur. Amma nə hikmətdirsə heç bir tədbir görmür.
Yaxud bugünlərdə Korrupsiyaya Qarşı Mübarizə Idarəsi hesabat yaydı və ən çox korrupsiyalaşmış sahə kimi kənd təsərrüfatı, səhiyyə və təhsil sektoru göstərildi. Əslində bu sahələrin korrupsiyalaşması dövlətin bugününü və sabahını təhdid edir. Təhsil və səhiyyəninin korrupsiyaya bulaşması, dövlətin təhlükədə olduğunun mesajıdır və buna görə həyəcan təbili çalınmalıdır. Bu hesabat bütün mətbu orqanlarda yayılsa da ölkə baçısından səs çıxmadı. Digər tərəfdən tez-tez hakim ailənin özü ilə bağlı korrupsiya faktları aşkar edilir, hakim ailəyə məxsus banklar, bahalı iqamətgahlar, sənaye kompleksləri mətbuatın mövzusuna çevrilir. Amma mətbuatı mütəmadi izləyən prezident heç bir izahat vermir.
Biz də uzun illərdi onu deyirik ki, prezidentin hər şeydən xəbəri var. Yəni, “özü yaxşıdır, ətrafı pis” deyiminin cahillik olduğunu prezident özü də etiraf edir.
Bəli, prezidentin bütün mətləblərdən xəbəri var. Insanların siyasi əqidəsinə görə şərlənərək həbs olunmasından da, ünvanlı sosial yardımın 6 ayının öncədən rüşvət kimi alınmasından da, təhsil haqlarının yüksək olmasından da, seçki saxtakarlığını sübut edən foto-video materiallardan da xəbərdardı.
Sadəcə olaraq bütün bu xəbərlər ölkə başçısı üçün təəccüblü görnmür. Çünki, neqativ halların niyə və necə yarandığını da gözəl bilir.
Ümumiyyətlə, avtoritar rejimlərdə hökumətin başında duranlar hər şeyi bilir. Nə vaxt ki cəmiyyətdə etiraz yüksəlir, həmin vaxt da prezident mənfi hallara görə barmaq silkələməyə başlayır. AZAL-ın biletlərinin baha olması, dərmanların baha satılması, sahibkarlara qeyri-rəsmi vergilərin tətbiq olunması prezidentə çoxdan məlum idi. Hətta hansı oliqarxın nə qədər pulunun olduğunu da bilir və lazım gələndə “Bandotdel”in vasitəsilə həmin pullar ünvana çatdırılır.
“Jurnalistlərin dostu” seçilən prezident, dünyanın 100 qəhrəman jurnalisti arasında yer tutmuş Qənimət Zahidin nəslinə qarşı repressiyadan da xəbərdardı.
Bir də heç vaxt “prezidentin xəbəri yoxdu” deyib, ona şər atmayın.
Samir