Kürd silahlıları İraqdakı PKK mövqelərinə Türkiyə hücumlarından sonra Ankara ilə atəşkəsin öz mənasını itirdiyini bildiriblər
"Türkiyə işğalçı ordusununun şiddətli hava zərbələrindən sonra atəşkəs artıq mənasını itirib”, – Reuters agentliyi PKK rəhbərliyinin bəyanatından iqtibas gətirir.
Associated Press agentliyinə danışan PKK-nın İraqdakı sözçülərindən Zagros Hiwa deyib ki, "hücum sülh razılaşmasını sona çatdırdı".
Türkiyə ilə kürd silahlıları arasında atəşkəs 2013-cü ildə qüvvəyə minib.
Türkiyə-PKK sülh prosesi “dönüş nöqtəsi”ndə
Suruç şəhərində 32 adamın ölümü ilə nəticələnən bomba həmləsi və sərhəd bölgəsində silahlılarla atışmadan sonra Türkiyə İraqın şimalındakı kürd silahlılarının mövqelərinə hava zərbələri endirdiyini bildirib.
2013-cü ildə elan olunmuş atəşkəsdən sonra bu PKK hədəflərinə ilk həmlədir. Müstəqil dövlətin qurulması uğrunda mübarizə aparan PKK və Türkiyə arasında 30 ildən artıqdır ki, davam edən silahlı münaqişə nəticəsində 40 mindən çox adam həyatını itirib.