Namizəd Səfərov: «Avropa Məhkəməsi qərar çıxaranda, bu, məcburi qaydada icra olunmalıdır»
Vidadi Mirkamal: «Hakimiyyət Avropa Insan Haqları Məhkəməsinin tələblərini yerinə yetirməlidir»
Xəbər verildiyi kimi, Avropa Insan Haqları Məhkəməsi Azərbaycanda 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovla bağlı araşdırmalara başlayıb. Araşdırma mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynovanın şikayəti əsasında həyata keçirilir ki, bu barədə Avropa Insan Haqları Məhkəməsinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Ruşaniyyə Hüseynovanın ərizəsi 2010-cu il fevralın 17-də təqdim olunub. Araşdırma çərçivəsində Azərbaycan hakimiyyətinə sorğu göndərilərək bu cinayət işi üzrə bütün materialların Avropa Insan Haqları Məhkəməsinə təqdim olunması tələb edilib. Sorğudakı suallardan biri də Elmar Hüseynovun qətlində Azərbaycan hakimiyyətinin iştirakı haqdadır. “Ruşaniyyə Hüseynova Azərbaycana qarşı” adlı iş üzrə məlumatda zərəçəkmişin sualları da yerləşdirilib. Həmçinin bu iş üzrə istintaq hərəkətləri, eləcə də dövlət orqanlarının digər addımları barədə detallı məlumat verilməsi, bütün sənədlərin surətləri, o cümlədən məhkəmə tibbi ekspertizasının, prosessual qərarlar, dindirmə zamanı alınan ifadələr, şəkillər, videoyazılar, bir sözlə, bu cinayət işinə aid bütün materialların verilməsi xahiş olunub.
Görəsən, Azərbaycan hakimiyyəti sənədləri qarşı tərəfə verməkdən imtina etsə, nəticə necə ola bilər?
Vəkil Namizəd Səfərov söyləyir ki, Avropa Insan Haqları Məhkəməsi qarşısında iddianı maraqlı şəxs qaldırır. Belə ki, Azərbaycan dövlətinin apardığı istintaqdan və baş verən hadisədən ziyan çəkmiş, məhz Azərbaycan məhkəmələrində öz hüquqlarını həyata keçirə bilməmiş maraqlı şəxs Avropa Məhkəməsinə müraciət edib. Namizəd bəyə görə, Azərbaycan dövlətinin bunu qəbul etməməyə ixtiyarı yoxdur: “Avropa Məhkəməsi qərar çıxaranda, bu, məcburi qaydada icra olunmalıdır. Ərizə daxil olandan sonra qarşı tərəf bir qayda olaraq onu tam təsdiq etmək üçün Azərbaycan dövlətinə müraciət edir. Iddiaçı tərəf bu işin açılmasını tələb etdiyi təqdirdə, Avropa Məhkəməsi bu işə baxır”.
Hüquqşünas Vidadi Mirkamalın fikrincə, Azərbaycan dövləti bu işdən imtina edə bilməz: “Azərbaycan beynəlxalq aləm qarşısında bir sıra öhdəliklər götürüb və bu mənada Avropa Insan Haqları Məhkəməsinin tələblərini yerinə yetirməlidir.
Hərçənd, Əli Insanovla bağlı və bir sıra məhkəmə çəkişmələrində Azərbaycan tərəfi müəyyən tələbləri yerinə yetirməyib. Lakin bu məsələ mütəmadi təkrar olunsa, Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasının gündəmə gəlməsinə və ölkənin beynəlxalq aləmdə öz imicini itirməsinə gətirə bilər".