Parlament seçkiləri ərəfəsində hakimiyyətin sərt beynəlxalq təzyiqlərlə üzləşməsi nə vəd edir?
Nurəddin Məmmədli: «Beynəlxalq aləmlə qarşıdurma vəziyyəti Azərbaycana qarşı sanksiyaların gündəmə gəlməsinə səbəb ola bilər»
Parlament seçkiləri ilində Azərbaycan hakimiyyəti ciddi təzyiqlərlə üzləşdi. Avropa Şurasının son sessiyasında qəbul olunan qətnamədə yürütdüyü siyasətə görə sərt tənqid olunan Azərbaycan hakimiyyətinin beynəlxalq durumu heç də ürəkaçan deyil. Ötən müddət ərzində Azərbaycan hakimiyyətinə qarşı xəbərdarlıqlar bununla bitmir.
Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti Avropa Parlamentində, Almaniya Bundestaqında, ABŞ senatında müzakirə olunaraq ölkəmizdəki durum sərt tənqid olunub. Insan haqları ilə bağlı çatışmamazlıqların aradan qaldırılması üçün BMT Azərbaycana sentyabrın 2-nə qədər vaxt verib. Bundan başqa beynəlxalq mətbuatda Azərbaycan hakimiyyəti ilə bağlı ifşaedici məlumatlar bitmək bilmir.
Bütün bu tendensiyalar parlament seçkisi ərəfəsində cərəyan edir. Ona görə belə demək mümkünsə, hakimiyyət seçkilərə “yaralı” gedir. Ilk dəfədir ki, hakimiyyət parlament seçkilərinə bu cür beynəlxalq təzyiqlə daxil olur. Bu cür atmosfer hakimiyyətə nə vəd edir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, bütün bu beynəlxalq təzyiqlərin fonunda Azərbaycan hakimiyyətinin islahatlar istiqamətində heç bir addım atmaması konkret fikir söyləmək üçün kifayət qədər əsaslar verir. Azərbaycan hakimiyyətinin artıq islaholunmaz olduğunu hər bir addımı ilə sübut etdiyini deyən N.Məmmədli vurğuladı ki, AŞ PA ilə münasibətləri az çox normal olan hakimiyyət artıq bu təşkilatla da münasibətləri korlayıb: “ATƏT ümumiyyətlə Azərbaycanda fəaliyyətini dayandırdı. Digər nüfuzlu qurumlarla isə Azərbaycanın münasibətləri olduqca kəskindir. Venesiya Komissiyası artıq neçə ildir ki, həm seçki qanunvericilyinin demokratikləşdirilməsi, həm də seçki komissiyalarının poritet əsasla formalaşmasını Amma buna məhəl qoyulmur. Seçkilərə az müddət qalıb. Əgər hakimiyyət seçki ilə bağlı hər hansı islahat həyata keçirmək istəyirsə, buna çoxdan başlamalı idi. Bu günə qədər baş verən proseslər göstərir ki, hakimiyyət parlament seçkilərini demokratik qaydalara uyğun, azad keçirmək fikrindən çox uzaqdır”.
N.Məmmədlinin fikrincə, hakimiyyətin budəfəki seçkidə də demokratikləşmə istiqamətində hər hansı addım atacağı inandırıcı deyil. Hakimiyyətin yürütdüyü siyasətin təhlükəli nəticələrinin artıq hiss olunduğunu deyən N.Məmmədli bildirdi ki, demokratik islahatların aparılması, siyasi məhbus probleminin həlli zəruriliyi daha sərt tonla deyilir. N.Məmmədlinin sözlərinə görə, dünya ilə qarşıdurmaya getməyin hakimiyyət üçün yaxşı heç nə vəd etmədiyi iqtidar daxilindən də səslənir: “Islahatlar aparılmalı, müəyyən vəzifələrdə çoxdan oturmuş insanlar dəyişdirilməlidir. Hakimiyyətin özündə də bu tendensiyanın pis nəticələr verə biləcəyini anlayanlar çoxdur. Ona görə hakimiyyətin özünün də müəyyən addımlar ataraq, demokratik yola meyllənməsinə ehtiyac var. Çünki beynəlxalq aləmlə qarşıdurma vəziyyəti Azərbaycana qarşı sanksiyaların gündəmə gəlməsinə səbəb ola bilər. Bu da Azərbaycan hakimiyyəti üçün qorxulu nəticələr vəd edir. Bu bir tərəfdən mərkəzdənqaçma tendensiyasını gücləndirəcək. Digər bir tərəfdən isə nəzərə alınmalıdır ki, Azərbaycan hakimiyyəti olduqca zəif hakimiyyətdir. Cəmiyyətdə bütün istiqamətlərdə parçalanma, qütbləşmə dərinləşib. Belə bir vəziyyətdə beynəlxalq təzyiqlə üzləşən hakimiyyət ciddi itkilərə məruz qala bilər”.
Xəyal