Şəki sakini aidiyyəti qurumlardan kömək istəyir
Şəki sakini Rahim Nəsirov redaksiyamıza məktub yollayıb rayon polis şöbəsindən şikayətçi olduğunu yazır. Üz tutduğu qurumlardan cavab almayan R.Nəsirov qəzetimiz vasitəsilə probleminin ictimailəşməsini, bəlkə bundan sonra aidiyyəti qurumların reaksiya verəcəyinə ümid edir. Şikayətçi yazır:
“2010-cu ildən Şəki polisinin qanunsuz hərəkətləriylə üz-üzə qalmışam. Bu müddət ərzində mənə və ailə üzvlərimə qondarma cinayət işi açılıb. 2014-cu ildə Zakir Qaralov Şəki şəhərində vətəndaşları qəbul edəndə bizə söz verdi ki, Şəki Polisinin sizə qarşı qanunsuz hərəkətlərinə son qoyulacaq. Eyni zamanda söz verdi ki, sizə qarşı hər hansı qanunsuz hərəkət etsələr, onları qanun çərçivəsində cəzalandıracam. Bir ildən sonra ŞRPŞ-də kadr dəyişikliyi oldu və yeni rəis təyin edildi.
16 iyun 2015-ci il tarixdə Şəki ŞRPŞ-istintaq bölməsinin rəisi məni yanına dəvət etdi. Şəki ŞRPŞ-nin istintaq bölməsinin rəisinə zəng vurub məni nə səbəbdən dəvət etdiyini soruşduqda, bildirdi ki, səni çağıranda gəlməlisən. Mən də öz növbəmdə çağırış vərəqəsi göndərilməsini xahiş etdim. Lakin IB-nin rəisi yenidən mənə bildirdi ki, paqon daşıyıram və səni çağıranda qaça-qaça gəlməlisən. “Baş üstə” deyib telefonu bağladım və dərhal DIN-in 102 xidmətinə və Baş Prokurorluğun qaynar xəttinə zəng edib Şəki ŞRPŞ-nin IB-nin rəisinin məni hədlədiyini bildirdim. Lakin üstündən 11 gün keçməsinə baxmayaraq məni heç insan yerinə qoyan yoxdur.
18.06.2015-ci il tarixdə 4 xususi avtomobillə Şəki ŞRPŞ-nin əməkdaşları evimə basqın etdi. Basqına rəhbərlik edən şəxs Şəki ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşı Kamran Qafarov idi. Basqın zamanı K.Qafarov həyat yoldaşıma qarşı kobudluq edib, yoldaşımın üstünə azyaşlı qızımın yanında hucum çəkib. Sonradan polis əməkdaşlarına Şəki ŞRPŞ-nin rəis müavini Habil müəllim də qoşulur. Səbəb isə guya mən kiminsə namusuna toxunmuşam və mənim barəmdə şikayət ərizəsi var.
Bildirmək istəyirəm ki, uzun müddətdir ailəmi taksi fəaliyəti göstərərək dolandırıram. 2015-ci ilin may ayının ortalarında mənim avtomobilimə bir xanım əyləşdi və bildirdi ki, adı Səbinədir. Əslən Şəkilidir və Şəmkir rayonunda ərdədir. Şəkiyə həkimlərin kursuna gəlir və mənə müraciət etdi ki, Şəkiyə gələndə onu lazımi yerlərə aparım. Mən də razılaşdım. Beləliklə, bu xanım hər gün zəng edir, lazım olan yerlərə aparıram və pulumu verir. Lakin onun bəzi hərəkətləri məni şübhələndirirdi. Bir müddət keçdikdən sonra bu xanım mobil nömrəmə sevgi mesajları göndərməyə başladı. Mən onun mobil nömrəsinə zəng edib ailəli olduğumu və məndən əl çəkməsini xahiş etdim. 26 may 2015-ci ildə bu xanımla əlaqəni kəsdim və telefon zənglərinə cavab vermədim. 2015-ci ilin iyun ayında Səbinə xanım polisə ərizə yazır və guya onu zorladığımı bildirir. Mən evdə olmadığım üçün bacımı və həyat yoldaşımı avtomobilə mindirərək polis şöbəsinə aparıblar. Bacım və həyat yoldaşım polis şöbəsində olduğu müddətdə məlum olur ki, bu xanımın adı Səbinə yox, Arzudur. Və həmin Arzu xanım üç dəfə izahatını dəyişib və son izahatında mənim ona toxunmadığımı bildirib. Şəki ŞRPŞ-nin rəis müavini bacıma və yoldaşıma deyib ki, 19 iyun səhər saatlarında Arzu xanımın həyat yoldaşı məni avtomobilimdə bıçaqlamaq istəyib, lakin yanında olan şəxs buna imkan verməyib. Sual olunur, əgər vətəndaş törətmək istədiyi cinayəti polis idarəsində etiraf edirsə, niyə onun barəsində tədbir görülmür? Sizdən xahiş edirəm, yazdıqlarımı ictimailəşdirəsiniz. Həyatım təhlükədədir və mənə qarşı təxribat hazırlanır. Onu da qeyd edim ki, həyat yoldaşım və mən ikinci qrup əlilik".
Məktublar şöbəsi