“Bir ölkədə ağıl və sənətdən çox maddi sərvətə qiymət verilirsə, bilinməlidir ki, orada kisələr şişmiş, başlar boşalmışdır”(Frederik Villiam). Yaşadığımız ölkənin gerçəklərini bu deyimdən daha sərrast ifadə etmək olmaz, məncə. Dünyanın təkəri durmadan irəliyə gedir, zaman dəyişir, həyat dəyişir, şərtlər, reallıqlar, insanlar dəyişir. Bu zaman dəyişiminin, qanunauyğun gedişin hökmü ilə bizdə də nələrsə dəyişir, təbii. Amma o dəyişikliklər nəyə yarayır, kimlərin həyatına rəng qatır, kimlərin əməyinə qarşılıq verir, kimlərin xəyallarına işıq tutur, kimləri xoşbəxt edə bilir? Əsas məsələ budur və bir toplumun inkişaf səviyyəsi də elə o dəyişikliklərin təsir dərəcəsi ilə ölçülür, əslində.
Heç şübhəsiz ki, müsbət dəyişiklik deyilən nədirsə, hər şeydən öncə insanların gündəlik həyat səviyyəsində görünməlidir. Hər bir insan öz ağlı, səy və zəhməti sayəsində daha böyük uğur qazananacağına, şəxsi büdcəsini daha çox artıracağına, daha gözəl yaşaya biləcəyinə inamlı olmalıdır. Insan inanmalıdır ki, onun yüksək təhsili, zəkası, qabiliyyəti, əl əməyi və zəhmətkeşliyi yaşadığı ölkə üçün bir dəyərdir və o dəyər heç bir halda qarşılıqsız qala bilməz. Ancaq Azərbaycan reallığında bunun hansı mümkün görünür, sizin fikrinizcə? Nə yazıq ki, heç biri… Nə qədər istedadlı, bacarıqlı və qabiliyyətli insanlar adilərə qarışıb əriyib gedir bu amansız burulğanın içində. Baxın, 10 illərdir bu ölkə ortaya sovet illərindəki kimi ünlü bir bəstəkar, ifaçı, şair, rəssam, yazıçı, aktyor, rejissor, ixtiraçı çıxara bilmir? Elə bilirsiniz, yoxdur çıxara bilmir? Xeyr, hər kəs bilir ki, bu ölkə istedad sarıdan heç vaxt kasad olmayıb. Ancaq qaydalar belədir, özünə güvənən, sözü olan, qabiliyyəti dünyaya çıxmağa imkan verən, milyonların arasında tanınan parlaq insanlar yetişməsə yaxşıdır. Onların yolunun qarşısında dağlar dursun, qapılar üzlərinə qapansın, imkansızlıqdan başlarını qaldıra bilməsinlər ki, istedadsız, yaltaq, simasız “elm, ədəbiyyat, sənət ordusu” yaratmaq asan olsun.
Inanıram ki, ötənlərin musiqili, şeirli, teatrlı, filmli günləri üçün hər kəsin burnunun ucu göynəyir. O sənəti yaradan insanlar bu gün də var, inanın. Həm də az deyil onlar. Amma bu ölkə, bu sistem, bu yaşam şərtləri onlara qəsd edir. O yaradıcı insanlar imkansızlıqdan və diqqətsizlikdən içində ölüb gedir eləcə. Indi bütün qapılar uzaq xaricə açıldığına görə, gündəlik hər şeydən xəbərdarıq. Bu yaxınlarda ard-arda oxuduğum üç maraqlı xəbər diqqətimi çəkdi. Birincisi, gözəl vokal sənətçimiz Fidan Qasımovanın Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülməsi.
Qeyd olunduğuna görə, Fidan xanım musiqi mədəniyyətimiz tarixində bu uğura imza atan yeganə ifaçıdır. Ikinci xəbər, azərbaycanlı gənc ixtiraçı Elnur Babayevin dünya miqyasında qazandığı nailiyyətdir ki, o, velosipedlərdə təhlükəsizlik risklərini minimuma endirən qoruyucu element kəşf etməklə bir ilkə imza atıb.
Üçüncü xəbər isə, “Twitter” sosial şəbəkəsinin 50 milyon dollar ödəyərək aldığı “Namo Media” layihəsinin 3 həmtəsisçisindən biri olan gənc həmyerlimiz Tural Bədirxanlı haqqında idi.
Bu xəbərlər, həqiqətən, yayın ortasında yağmur kimi sərinlik gətirir adamın ürəyinə. Amma düşünəndə ki, o gənclər burada qalıb yaşasaydılar, həmin bacarıqları itib-batıb gedəcəkdi, elə bil bir kədər dumanına düşürsən. Axı biz də yaşadığımız ölkənin gözəl imkanları ilə xoşbəxt bir cəmiyyət qura bilərdik. Insanların xəyal qura biləcəyi və o xəyallarını gerçəkləşdirə biləcəyi bir cəmiyyət. O zaman da hər kəs xəyallarının ardınca uzaq diyarlara getməyi düşünməzdi. O zaman burada gerçəkləşən xəyalları onsuz da alıb aparacaqdı həmin insanları uzaqlara…