Bir ilə yaxındır ki, həbsdə olan “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həziyə abunə olduğu qəzet verilmir. Bu barədə Seymur Həzi gənc fəal Nigar Yaqublu ilə telefon danışığı zamanı bildirib.
Seymur Həzi bildirib ki, “Azadlıq” qəzetinə abunə yazılsa da, ona gündəlik qəzet verilmir. Istintaq təcridxanasında ona bildirilib ki, “Azadlıq” qəzetini həftədə yalnız bir dəfə oxumağa icazə verilə bilər. Seymur Həzi də öz növbəsində “Azadlıq” qəzetini bu cür şərtlər daxilində oxumaq istəmədiyinə görə ümumiyyətlə, imtina edib.
Xatırladaq ki, hakimiyyətə qarşı kəskin tənqidi yazıları ilə tanınan Seymur Həzi ötən il avqustun 29-da saxta xuliqanlıq ittihamı ilə həbs olunub. O, bu ilin yanvarında Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Seymur Həzinin vəkili Adil Ismayılov həmin hökmdən apelyasiya şikayəti verib. Şikayət hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır.