Azad sözün təbliğatçılarını «ermənipərəst» adlandıranlar ermənipərəst ölkənin radiosunu yayımlayacaq
Azərbaycan hakimiyyəti dünyada “ermənipərəst” axtara-axtara, bütün ermənipərəstlərlə dostluq edir. Yəni hakimiyyət məqsədyönlü şəkildə apardığı çirkin siyasəti başqalarının üstünə atmaqla məşğuldur. Xüsusilə, Rusiyaya qarşı qardaşlıq siyasəti birbaşa ermənipərəstliyin göstəricisidir.
Bugünlərdə məlum oldu ki, Rusiya bu ölkəyə 200 milyon maliyyə yardımı edib. Həm də bu yardım Ermənistanın hərbi qüdrətini artırmaq məqsədi ilə edilib. Indi Rusiyanın sayəsində Ermənistan “Isgəndər” raketlərinə sahib olur və Azərbaycana qarşı yeni təhlükə mənbəyinə çevrilir. Deməli, Rusiya açıq şəkildə Azərbaycana qarşı xəyanətlərini davam etdirir. Azərbaycan hakimiyyəti isə bu ölkəyə “səcdə” etməkdə israrlıdır. Indi də məlum olur ki, Azərbaycanda rus radiosu yayıma başlayıb. Bəli, “Sputnik Azərbaycan” radiosu “Araz” radiostsansiyasının dalğasında həftədə 5 gün saat 10:00-dan 20:00-dək hər saatın əvvəli xəbər buraxılışları ilə canlı yayıma çıxır. “Sputnik” informasiya portalı Azərbaycanda 2015-ci ilin mayında sputnik.az və ru.sputnik.az saytlarında fəaliyyətə başlayıb. Qeyd edək ki, “Sputnik” 2014-cü ilin noyabrında “Rossiya seqodnya” (“Rusiya bu gün”) beynəlxalq informasiya agentliyinin informasiya layihəsi kimi işə salınıb. Layihənin məqsədi Kremlin siyasətini bütün dünyada təbliğ etməkdir.
Bəli, “vətənpərvər” hökumətimiz Xocalı soyqırımına, 20 Yanvar faciəsinə, Qarabağın işğalına səbəb olmuş və bu gün də Ermənistanı ayaqda saxlayan Rusiyanın təbliğatını gücləndirməyə qərar verib. YAP hakimiyyəti heç bir qarşılıq istəmədən Rusiyanın xidmətçisinə çevrilib. Qərb təşkilatlarını ölkədən qovub, təcavüzkar Rusiyaya qapı açırlar. Əslində, bu radionun yayıma başlaması Rusiyanın işğalıçı siyasətinə məsumluq donu geyindirməyə xidmət edəcək.
Bir daha təsdiq olunur ki, bu hakimiyyət üçün xalqın faciəsi, Qarabağ problemi, milli qürur qətiyyən önəmli deyil. Faktiki olaraq 20 ildir münaqişənin həll olunmaması Rusiya faktoru ilə bağlıdır. Amma hakimiyyət bütün pislikləri bu ölkəyə güzəştə gedib. Ona görə ki, Rusiya YAP hakimiyyətindən demokratiya, insan haqları, şəffaflıq tələb etmir.
Məhz bu şəxsi maraqlara görə “Isgəndər” raketinin Azərbaycana tərəf çevrilməsini də görməzdən gəlirlər. Rusiya erməni soyqırımını tanıya bilər, 1000-lərlə insanımızın qətlinə şərait yarada bilər, torpağımızı işğalda saxlaya bilər, amma tənqid oluna bilməz. Çünki, həqiqi ermənipərəstləri tənqid etmək YAP siyasətinə ziddir. Ölkədə 5-ci kolon axtaran vətənşüvənlərin səsi çıxmır, “milli maraqlar” deyib sinəsinə döyənlər lal olub. Bir daha təsdiq olundu ki, Rusiyanın proyekti bu hakimiyyətdir. Vəziyyət o həddə çatıb ki, Azərbaycanda rus radiosu yayıma başlayıb və Rusiya siyasətini təbliğ etməklə məşğul olacaq. Üstəlik, rusdilli nəşrlərin maliyyələşməsi məsələsi də müzakirə olunur. Sanki hakimiyyət 20 faizlə kifayətlənməyib, Azərbaycanı bütövlükdə Rusiyaya vermək istəyir.
Görünür, YAP hakimiyyəti Azərbaycana yaşatdığı faciələrə görə Rusiyaya təşəkkür edir. Çünki, bu faciələr üzərində hakimiyyətə gəliblər və sona qədər erməninin dostunun dostu olmaqda israrlıdılar. Rusiya bir dəfə də olsun Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, “Qarabağ Azərbaycana məxsusdur” deməyib. YAP hakimiyyəti isə bu ölkənin siyasətini dünyaya yaymaq istəyir.
Anti-xalq, xəyanətkar hakimiyyət başqa necə olur? Vətən və millət sevgisi olan bir hakimiyyət işğalçıya bu qədər təzim edərmi? Görünür, bunların müstəqil siyasəti Rusiyaya boyun əyməkdən ibarətdir.
Akif