Iki ölkə arasında münasibətlərin gərginləşməsi hansı qüvvələrə sərfəlidir?
Zəlimxan Məmmədli: «Baş verənlər siyasi avanturist mərkəzin işi kimi qiymətləndirilməlidir»
Xəbər verildiyi kimi, futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” klubu ilə Azərbaycanın “Qəbələ” komandası arasında Tbilisidə keçirilən oyunda stadionda üzərində “Biz 1921-ci ildə Qax və Zaqatalanı yaxşı xatırlayırıq” yazılmış plakat qaldırılıb. Bununla bağlı APA-ya fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Institutunun direktoru, deputat Yaqub Mahmudov deyib ki, iki ölkə arasında qardaşlıq münasibətlərini pozmağa çalışan təxribatçı qüvvələr var: “Həmin qüvvələri xaricdən istiqamətləndirirlər və onlar dayanmadan çalışırlar. Azərbaycan qüdrətləndikcə bu cür böhtanlar, iftiralar olub və bu gündən sonra da olacaq”.
Y.Mahmudov, eyni zamanda, gürcü tarixçilərə müraciət edərək onları iki xalq arasında təxribat yaratmaq istəyən qüvvələrə tutarlı cavab verməyə çağırıb: “Gürcü tarixçilər tarixə real baxsınlar. Təxribatçı qüvvələrə səmimi qardaşlıq münasibətlərini pozmağa imkan verməsinlər. Tarix Institutu ”Ilisu sultanlığı" və “Car-Balakən camaatlığı” kitablarını çap edib. Biz də bu istiqamətdə dayanmadan işləyib həqiqətləri tam şəkildə ortaya çıxaracağıq".
Maraqlıdır, Yaqub Mahmudovun iddia etdiyi “təxribatçı qüvvələr” kimlərdir? Azərbaycanla Gürcüstan arasında münasibətləri korlamaq hansı qüvvələrin maraqlarına uyğundur? Bu suallarla “Borçalı” cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədliyə müraciət etdik.
Zəlimxan Məmmədli deyir ki, idman fanatları adətən siyasətə qarışmırlar. Bu səbəbdən, o da hesab edir ki, “Dinamo”nun fanatları tərəfindən siyasi baxımdan kövrək bir zamanda, yəni Rusiyanın Cənubi Qafqazda birlik və bərabərliyi təhdid etdiyi bir dövrdə bu tip siyasi mahiyyətli plakatın ortaya çıxması təxribatdır. Gürcüstanda kifayət qədər milli azlıqların yaşadığını xatırladan Zəlimxan Məmmədli qeyd edir ki, ölkənin hazırda onlarla bağlı da ciddi problemləri var.
“Bundan əlavə, Cənubi Osetiya və Abxaziyanın timsalında hazırda Gürcüstanın ərazi bötüvlüyü təhdid altındadır. Bütün bunları nəzərə alaraq, iki dövlət arasında siyasi münasibətləri pozmağa yönəlik cəhdlər ”siyasi avanturist mərkəzin işi" kimi qiymətləndirilməlidir. Amma bu təxribatların haradan qaynaqlandığını qəti olaraq söyləmək çətindir", – deyə Zəlimxan Məmmədli bildirib.
O vurğulayıb ki, bölgədə Azərbaycan və Gürcüstanın birlik çərçivəsində yaşamasını istəməyən Ermənistanın mövcudluğunu da yaddan çıxarmaq olmaz: “Bu ölkə faktiki Rusiyanın forpostudur və onların kəşfiyyatı Gürcüstanda kifayət qədər aktivdir. Bu baxımdan, baş verənlərə ciddi siyasi problem kimi yanaşılmalıdır. Eyni zamanda, Gürcüstanın dəyişən siyasi hakimiyyətində müəyyən destruktiv cərəyanlar da var”.
Belə bir məqamda Azərbaycan tərəfinin atmalı olduğu zəruri addımlara gəlincə, Zəlimxan Məmmədli bildirib ki, baş verənlər qarşısında kifayət qədər dözüm nümayiş etdirməyimiz daha çox məqsədəuyğundur: “Amma onu da unutmamalıyıq ki, Azərbaycanın dövlət müstəqilliyi və milli dəyərlərinin təhdidi həm də Gürcüstana qarşı təhdid anlamına gəlməlidir. Və ya əksinə, Gürcüstana münasibətdə belə bir hadisə baş verirsə, bu, Azərbaycana da təsir kimi qiymətləndirilməlidir. Bu iki dövlətin birliyi, vəhdəti ən azı, Rusiyanın yeni imperiya siyasətinə və təxribatçılara qarşı dirəniş üçün çox vacibdir”.
Yeri gəlmişkən, iyulun 9-da “Qəbələ” və “Dinamo” arasında cavab oyunu keçiriləcək: “Mən istəməzdim ki, azərbaycanlılar Gürcüstanda baş verən təxribata adekvat reaksiya göstərsin və bu, zəncirvari hal alsın. Biz Azərbaycan türkləri olaraq öz məsuliyyətimizi dərk etməliyik. Bu geri çəkilmək anlamına gəlmir. Amma Gürcüstan tərəfi baş vermiş təxribatı törədənləri qanun qarşısına çıxarmalıdır”.
Emil