Turizm qiymətləri göstərilən xidmətlə uyğun gəlmir
Mədəniyyət və Turizm Nazirliyinin Informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov yay turizm mövsümünün başlanmasıyla bağlı iyul ayının ilk günlərindən monitorinqlərə başlanacağını bildirib. Monitorinqlər mövsüm müddətində regionlarda mehmanxanaların hazırlığı və turistlərə xidmət səviyyəsinin öyrənilməsi məqsədilə müvafiq qurumlarla birlikdə aparılacaq.
Azərbaycanda turizm obyektlərində qiymətlərin digər ölkələrlə müqayisədə yüksək olması ilə bağlı məsələyə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, onlar bu məsələyə birbaşa müdaxilə edə bilmirlər: “Qiyməti bazar formalaşdırır. Hər hansı dövlət qurumu və ya təşkilat bu qiymətləri formalaşdıra, qiymətə birbaşa müdaxilə və ya hər hansı nəzarət həyata keçirə bilməz. Lakin turizm obyektlərinin rəhbərlərinə müəyyən tövsiyələr verilir. Diqqətlə baxsaq, görərik ki, ötən 5 illə müqayisədə müəyyən fərqlər var. Ötən illə müqayisədə bu il hər hansı qiymət artımının olacağını düşünmürük. Biz ötən illərdə də belə bir tendensiya müşahidə etməmişik. Artıq menecerlər dərk edir ki, yalnız gecələmək üçün yataq yerini turistə satmaqla uğur əldə etmək olmur və rəqabətdə uduzurlar. Ona görə də qiymətlərə gündə 3 dəfə yemək və ya əlavə xidmət növləri daxil edilir. Bu da turizmin inkişafında öz müsbət təsirini göstərir”.
Azərbaycanın təbiəti turizmin inkişafı üçün əlverişli imkan yaratsa da, bu imkandan əhalinin bütün kateqoriyası yararlana bilmir. Çünki ölkədaxili turizm obyektlərində xidmət olduqca bahadır və təbii ki, belə böyük qiymət qarşılığında ölkə əhalisi xaricə turizm səfərinə getməyi daha uyğun sayır.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, əslində, turizm sektorunda qiymətləri bazar müəyyən etməli olsa da, haqsız rəqabət bu işi əngəlləyir. Qurum sədrinə görə turizm obyekti açan şəxsin obyektinə gecə reydləri keçirilməsi və cürbəcür üsullarla nöqsanlar aşkarlanması nəticəsində kiçik turizm obyektlərini bağlayırlar:
“Bu faktları bizim quruma daxil olan informasiyalar əsasında deyirəm. Pasport rejiminin yoxlanması da buna aiddir. Məsələn, ailəvi qalanda rəsmi kəbin kağızını tələb edirlər və bu da olmayanda həmin obyektlərdə qalmağın qadağan olunduğunu deyirlər. Amma arxasında böyük adamların dayandığı turizm obyektləri üçün heç bir xüsusi qadağalar, rejim və reydlər yoxdur. Kiçik biznesi məhv edərək haqsız rəqabət yaratmaq üçün bütün bunlar bir üsuldur. Ölkəmizdə turizm üçün alınan qiymətlər göstərilən xidmətlərə uyğun gəlmir və çox bahadır. Buna isə nəzarət edən yoxdur. Belə bir bazar ölkədə təəssüf ki, inkişaf etməyib və yaxın gələcəkdə də inkişaf edəcəyini gözləmirəm”.
Nigar