Şimali Dakota Dövlət Universitetinin azərbaycanlı müəllimi və professor köməkçisi Fariz Hüseynli özünün "facebook" səhifəsində dünya iqtisadi böhranının yaratdığı fəsadlardan, onun Azərbaycana münkün təsirlərindən və bundan çıxış yollarından yazıb. Həmin yazını təqdim edirik:
İrlandiya 2008-2009 maliyyə böhranından ən çox ziyan çəkən ölkələrdən biri (bəlkə də birincisi) olub. Daşınmaz əmlak və xarici kapitallı bank sektorunun yaratdığı köpük nəticəsində 2007-yə qədər inkişaf modeli kimi göstərilən ölkə böhranda demək olar ki, iflas etmişdi. ÜDM iki il arxa arxaya 10 faiz azalıb (nominal ÜDM daha çox) və büdcə defisiti ÜDM-nin 15-20 faizinə yaxınlaşıb. Amma böhrandan sonra səhvləri görüb qəbul etdiyi reformların nəticəsində əldə etdiyi iqtisadi inkişafi ilə böhrandan uğurla çıxma modeli kimi göstərilir.
İrlandiya 70-80-ci illərdə işləyən əhalinin az olduğu, cavanların işləməyə daha çox xaricə getdiyi və xarici kapital çəkə bilməyən, daha çox İngiltərədən asılı bir ölkə olub. Ancaq 80-ci illərdən etibarən əhali bumu ilə demoqrafik dəyişiklik yaşayan ölkədə 90-ci illərdə artıq əhalinin əmək qabiliyyəti faizi sürətlə artır, cavanlar ölkəni tərk etmək yerinə qalmağı seçirlər. Qadınların da əmək gücünə daha sürətlə əlavə olması ölkənin iqtisadi inkişafına kömək edib. Amma ən əsası məhsuldarlığın artması, xarici kapitalın və beynəlxalq korporasiyaların ölkəyə gəlməsi üçün atılan addımlar (xüsusən əczaçılıq, yüksək dəyəri olan texnologiya istehsalında və əlbəttə bank sektorunda) öz bəhrəsini verib. Orta və ali təhsilin güclü olması da basqa amildir.
Bu iqtisadi inkişaf hökümətlərə imkan verib ki, həm korporativ vergiləri azaltsın, həm də infrastruktura yatırım etsin.
Amma dediyim kimi artıq 2000-ci illərin ortalarında həm demoqrafik dəyişiklik dayanıb, həm də bank sektorunun yaratdığı süni artım artıq öz ziyanlarını göstərməyə başlayıb. 90-ların sonu və 2000-lərin əvvəlində Avropa və ABŞdan gələn əlavə kapital əhaliyə əmlak və istehlak kreditlərini verməklə ziyanlı kredit və tikinti bumu yaradıb.
İlk baxışda bunlar iqtisadiyyata müsbət təsir göstərən amillərdi amma kapitalın tikintiyə və istehlaka yönəlməsi ən çoxu qısa-müddətli artım yaradır və kapitalın səmərəli və ölkənin gələcəyi üçün məhsuldar istifadəsinin qarşısını alır. İrlandiya da cəmi 10 ildə bu ziyanlı kredit spiralına daxil olub: belə ki, inşaat sektoru işləyən əhalinin 13%-ni təşkil edib ki, bu OECD ölkələri arasında ən yüksək göstəricidir (inşaat və kredit bumunu fikirləşəndə Azərbaycanı da gözünüzün qabağına gətirin: qısa müddətli artım, uzun müddətli əyri inkişaf və problemlər yaradır). Belə bir sistem əlbəttə kapital gəldiyi müddətdə yaxşı işləyir (neft kimi məsələn) amma o kapital dayananda demək olar çökür.
2008 böhranında maliyyə institutları ölkəyə kapital axımını dayandıranda ölkə iqtisadiyyatı beləcə iflas təhlükəsi yaşayıb. Həm əmlak qiymətləri sürətlə düşüb, həm işssizlik artıb, həm də əhalinin və ölkənin borc ödəmə problemi yaranıb. İş o yerə çatır ki, İngiltərə və Lüksemburq öz vətəndaşlarının İrlandiya bankların qoyduğu pulu sığortalamalı olublar ki, həm vətəndaşlarını qorusunlar, həm də İrlandiyanın bank sisteminin çökməsinin qarşısını alsın.
Bəs bundan sonra İrlandiya nə edib? Birincisi bank sektorunun borclarını qarantiya alan onlara maliyyə vəsaiti verən Milli Agentlik qurulub. Bu agentlik dövlət təminatlı borclar alıb problemli bankları xilas etməli idi. Amma bu kömək etmədiyinə və büdcə kəsirinin daha da artırdığına görə hökümət EU-IMF ilə borc anlaşmasına getməli olur. Bank sektorunun yenidən qurulması və kapitallaşması, büdcə siyasətinin dəyişməsi və xərclərin azaldılması, bəzi vergilərin artırılması və əlavə reformların əvəzində 70 milyard avroya yaxın vəsait təmin edilib.
Yunanıstandan fərqli olaraq ölkə höküməti və əhalisi bu anlaşmaya müsbət yanaşıb və üzərinə düşən yükdən qaçmayıb, əksinə problemi qəbul edib onu həll etməyə çalışıblar. Başqa şansları da olmayıb əslində. Büdcədə yeni hədəflər qoyan hökümət (müxalifət də bununla razılaşıb) büdcə təxminən 10 milyard dollarlıq azaldılıb. Anglo-Irish bankın yenidən kapitallaşması şərtləri yeniləndiyi üçün büdcənin yükü azalıb, müxtəlif vergi dərəcələri artırılıb və büdcə xərcləri kəsilib.
Bunların nəticəsində ölkənin büdcə kəsiri ÜDM-nin 3 faizinə (bu həddi aşmaq normadan artıq hesab olunur – AB-nin kriteriyalarından biridir) bərabər olub, işsizlik tempi azalıb və iki il dalbadal iqtisadi artım əldə edilib. Düzdür makroiqtisadi rəqəmlər hələ böhrandan əvvəlki vəziyyətə qayıtmayıb, bəlkə də ona görə ki, əvvəlki rəqəmlər köpük kimi şişmişdi əvvəl axır düşməli idi. Qısaca desək İrlandiya (və Yunanıstanın) təcrübəsi bizə nə öyrədir?
Birincisi, iqtisadi artım olanda da, azalma olanda da vətəndaş-hökümət-müxalifət həmişə ölkənin iqtisadi vəziyyətinə, makro iqtisadi göstəricilərə, o göstəricilərə təsir edən faktorlara diqqət yetirməli və onların gələcəyə necə təsir edəcəyini başa düşməlidir. Hökümətin addımları üzərində nəzarət həmişə olmalıdır, ona görə ki, iqtisadi böhran olanda hesabı ən çox kasıblar ödəyir. Bu dünyanın hər yerində belədir, bəzilərində hökümət yaranı azaltmaq üçün addım atır, bəzilərində hec hökümətin vecinə də olmur (Azərbaycanda özünüz qərar verin hansı olacaq).
İkincisi, problemləri vaxtında görmək və onların həll yollarını tapıb vaxtında üstünə düşmək lazımdır. İrlandiya da bir müddət bunu etmək istəmədi amma başa düşdülər ki, cəzası ağır olacaq. İqtisadiyyatın güclü tərəflərindən istifadə edib mümkün qədər problemi tezliklə həll etmək lazımdır.
Üçüncüsü, bank sektorunu qurban vermək olmur. Nə qədər bankların kredit bumunda, əhalinin kreditləşməsində (predatory lending) rolu böyük olsa da yenə bankları, əsas da böyükləri xilas etmək lazım olur və hesabı xalq ödəyir. Ona görə bu gün kredit götürüb qaytarmasanız və hamı bunu etsə, sonra hesabı yenə hamılıqla biryerdə ödəyəcəyik.
Dördüncüsü və ən önəmlisi, ölkə iqtisadiyyatını illərlə əyri qurub, zəif təməllər üstündə artırandan sonra böhrana məruz qalanda günahı "xarici qara qüvvələrə" atmaq lazım deyil. O qüvvələrdən istifadə edib iqtisadiyyatı düzgün qurmaq lazım idi, amma qura bilməyəndə və böhran olanda yenə xilasedici onlar olacaq (Qərbi nəzərdə tuturam). İqtisadi reformların bazası eynidir, hansı ölkəyə getsən əsasları dəyişmir. Amma fərqli ölkələr bunları ayrı cür tətbiq edib, öz "milli mentalitetlərinə" uyğunlaşdırıb əyri tətbiq etmək istəyəndə problem yaranır. Ona görə siyasi gündəliyi, siyasi burcutmanı (üzr istəyirəm amma başqa ifadə tapa bilmirəm) kənara qoyub iqtisadiyyatı düzəltmək və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək lazımdır.
Böhranlar və iqtisadi "möcüzələr" o vaxt iqtisadi inkişafa çevrilir ki, onlardan lazımı dərs götürüb icra edəsən. İqtisadçılar da, siyasətçilər də, sadə vətəndaş da əslində tələbədir, hər böhrandan, hər iqtisadi artımdan nəsə öyrənməli və yeni nəsillərə verməliyik ki, eyni səhvlərə düşüb türklər demiş qısır döngü yaşamayaq, inkişafa doğru addımlayaq…