Xaliq Bahadır xanbahadir@mail.ru
Türk dünyasının iki böyük, ölümsüz öndəri – M.K.Atatürk, M.Ə.Rəsulzadə! Onların ideyaları, baxışları necə də üst-üstə düşür, necə də çulğaşır. Başlıcası da türklük-millətçilik sorunu ilə bağlı. Atatürk 1937-ci ilə deyirdi: “Orta Doğunun Batı imperializminin köləsi olmasına yol verməyəcəyik”. Türkiyədə Atatürkçü düşüncə ilə çarpışmanı özünün başlıca amacına çevirən Ərdoğan deyir: “Mən Amerikanın Böyük Orta Doğu projesinin eş başqanıyam”(2012). ABŞ-ın bitse-prezidenti C.Bayden kürd liderlərilə görüşündə Kürdüstan dövləti ideyasını tezliklə gerçəkləşdirəcəklərini bildirmişdi. Bəlli olduğu kimi, bu, Böyük Orta Doğu super procesi içində subprocelərdəndir – Batının “Ermənistan”, Israil kimi procelərindən biri. C.Baydenlə görüşdən dönən Bərzani bizim Güneyli soydaşlarımıza Quzey Azərbaycana köçüb getmək buyruğunda bulunmuşdu. Türk dünyasını parçalamaqla bütövləşməyə yol verməyəcək sönməz konflikt ocaqları – balaca əlaltı dövlətlər yaradılır…
Rəsulzadənin milli birlik idealına baxaq. Ulu Öndər özü, özülü millətçilikdə arayırdı. Deyirdi, millətçilik düşüncəsinə inananların ilk görəvi Milli Birliyi qorumaqdır. Bu, millətçilik düşüncəsinin başlanğıcı, özülüdür. Internasionalist, kosmopolit deyə ortaya atılan marksizm, komunizm, anarxizm kimi doktrinlərin başlıca amacı milli birliyi, bütünlüyü sarsıtmaq, parçalamaq, pozmaqdır. Sosial siniflər arasında qarışıqlıq, qarşıdurma, düşmənçilik yaratmaq bundan ötrüdür. Gerçək millətçilərin üzərinə düşən qutsal ideal uzun sürəli tarixin ürünü olan milli varlığı bütün üsütünlükləri, gələnək-görənəkləri, kültürü, ədəbiyatı ilə qorumaq, yaşatmaq, gəlişdirməkdir.
Yıxıcı, çökürdücü internasionalist, kosmopolit düşüncələrin önünə ancaq milli özülü gücləndirmək, sağlamlaşdırmaqla keçilə bilər. Millətçilik düşüncəsi ən doğal, ən kültürəl, ən irəli düşüncədir. Bilimin, kültürün gəlişməsini, yayılmasını əngəlləmək öz yerində, bu, gəlişmənin, yayılmanın ən etkili faktorudur. Eləcə də insanlıq kültürünün ən doğal, ən normal gəlişmə yoludur.
Bəşər kültürünün bir belə çeşidli, dolğun, könül açan görsənişlər sərgiləməsi onun bir çox əski, yeni millətlərin ardıcıl çalışmalarından törəməsindəndir. Dünyada internasional, kosmopolit, milli olmayan kültür deyiləcək nəsnə yoxdur. Ayrı-ayrı millətlərin əməyi ilə yaranan, hər bir millətin damğasını üzərində daşıyan bir dünya kültür poeması, toplusu var. Bu kültür poemasında əski türklərin çox böyük, olduqca önəmli rolu olub. Bu rol, sözsüz, gələcəkdə daha böyük olacaq. Nə yazıq, bu ortaq türk kültürü tarixin amansız davranışı üzündən bir-birindən uzaq düşüb, ayrı-ayrı alanlara dağılıb. Ortaq düşmən də bu ayrı-ayrı türk kültür parçalarını bir-birindən uzaqlaşdırmaq, bir-birinə özgələşdirmək üçün əlindən gələni etmiş, hələ də durmadan etməkdədir. Indi, bu durum qarşısında, türk gəncliyinin üzərinə düşən görəv bu ucsuz-bucaqsız türk kültürünü bütün özəlliklərilə tanımaq, öyrənmək, sevmək, mənimsəmək, tanıtmaqdır.
Azərbaycanı dünyaya idman ölkəsi olaraq tanıdanlara böyük Rəsulzadənin cavabı budur, bizim cavabımız budur! Bir ölkəni, bir milləti, bir dövləti dünyaya idmanla tanıtmaq!- bir hakimin bu gün sənin üçün, yarınkı gün başqası üçün çaldığı qələbə fitindən ayrı nə ola bilər?! Üstəlik, sən xalqın cibinə girməklə, soyğunçuluq yoluyla idman bayramı düzəldərək yeri yağı əliylə bölük-bölük edilmiş bir ölkənin göyünü allı-güllü fişənglərlə bəzəyirsənsə, o idman bayramının o fişənglər kimi tez sönən, ötəri olduğunu düşünmürsənmi?! Yerdə – könüllərdə bayram yaratmayanların göydə yaratdıqları işıldaquş bayramla deyil, özünə, özümlüyünə, böyük kültürünə bağlı millət olmaqla dünyaya tanınmaq gərəkdir. Böyük idmana yol həyətlərdəki idman meydançalarından başlayır. Rejim yetkililərinin manyakcasına acgözlüyü üzündən Bakıda hər yer satılır, həyətlər də. Sonra da böyük pullarla qıraqdan idmançı alıb gətirmək gərəyi yaranır. Belə bir “idman ölkəsi”!