Ekspertlər bu xəbərlərin Prezident Administrasiyasından məqsədli şəkildə ötürülmüş şayiə olduğunu düşünür
Xeyli vaxtdır ki, ölkənin əksər mətbu orqanlarında Avropa Oyunlarından sonra hakimiyyətdə təmsil olunan iri ranqlı məmurların “vurulması” ilə nəticələnən kadr dəyişikliyi olacağı haqda məlumatlar yayılır. Mötəbər mənbələrə istinadən yayılan bu xəbərlər cəmiyyət tərəfindən bir o qədər inandırıcı qarşılanmasa da, istər-istəməz mövzu ətrafında müzakirələrə də yol açır.
Hələ Avropa Oyunları başlamamışdan əvvəl nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları və demokratiya sahəsində ciddi problemlərin olduğunu bildirərək, hakimiyyəti islahatlar həyata keçirməyə, siyasi məhbusları azadlığa buraxmağa çağırırdılar. Amma göründüyü kimi, Azərbaycan hakimiyyəti çağırışlara müsbət cavab vermədi.
Bu baxımdan, xalqın narazılığının nəzərə alınıb, hansısa iri ranklı məmurların istefaya göndərilməsi böyük sual altındadır. Üstəlik, sistemin mahiyyəti dəyişməyincə, hətta bir neçə məmur vəzifəsindən uzaqlaşdırılsa belə, vəziyyətin müsbətə doğru dəyişəcəyinə inam demək olar ki, yoxdur.
“Əvvəlcə xalqa münasibət dəyişməlidir…”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov deyir ki, Azərbaycandakı əksər məmurlar özlərini sanki ömürlük həmin vəzifədə görürlər. Bu cür yanaşma da ölkədə çox acınacaqlı durumun yaranmasına gətirib çıxarıb. Bununla belə, hüquqşünas bir neçə kadr dəyişikliyinin vəziyyəti dəyişəcəyinə də ümid bəsləmir: “Hər hansı məmurun yeni gənc kadrla əvəzlənməsi də heç bir perspektiv vəd etmir. Çünki bütövlükdə bu hakimiyyətin yürütdüyü siyasətin xalqa heç bir aidiyyəti yoxdur. Nə qədər ki, mahiyyət, xalqa münasibət dəyişməyib, heç bir müsbət dəyişiklik gözləməyə dəyməz”.
Bir müddət əvvəl təhsil sahəsinə Mikayıl Cabbarovun simasında gənc kadrın rəhbər ətyin olunduğunu xatırladan Namizəd Səfərov deyir ki, bu, həmin sahədə heç bir müsbət dəyişikliyə gətirib çıxarmadı: “Indi bu sahədə vəziyyət əvvəlkindən də bərbaddı”.
Hakimiyyətdə kadr dəyişikliyi barədə yayılan məlumatlara gəlincə, Namizəd Səfərov hesab edir ki, bu xəbərlər Prezident Administrasiyasında hazırlanaraq məqsədli şəkildə ötürülən şayiədən başqa bir şey deyil: “Bu ölkədə o zaman kadr islahatları aparılacaq ki, hökumət nümayəndələri bütövlükdə vəzifələrilə vidalaşmış olacaqlar”.
“Bunlar hakimiyyətin ”mətbəxində" hazırlanmış şayiələrdir"
Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü, ədliyyə generalı Vidadi Mirkamal da o fikirdədir ki, kadr dəyişikliyi barədə məlumatlar elə hakimiyyətin “öz mətbəxindən” qaynaqlanır: “Istər Avropa Oyunlarından sonrakı dövrdə, istərsə də seçki ərəfəsində ölkədə hər hansı yüksək ranqlı kadr dəyişikliyinin baş verəcəyini düşünmürəm. Hətta bu baş versə belə, ümumi vəziyyətə qətiyyən təsir göstərməyəcək. Kadr islahatı sistemin islahatı olmalıdır. Şəxsləri dəyişmək heç bir halda, kadr islahatı deyil”.
“Bütövlükdə Nazirlər Kabineti dəyişməlidir”
Milli Şuranın Koordinasiya Mərkəzinin başqa bir üzvü, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev də qarşıdan parlament seçkiləri gəldiyini nəzərə alaraq, belə bir dövrdə hakimiyyətin yüksək səviyyədə kadr dəyişikliyinə gedəcəyini gözləmir: “Əgər söhbət kadr islahatından gedirsə, bütövlükdə Nazirlər Kabineti dəyişməlidir. Amma təəssüf ki, hakimiyyət mövcud siyasi şərtlərlə buna hazır deyil”.
Bununla belə, Mehman Əliyev kadr siyasətində olmasa da, ölkənin ümumi siyasətində dəyişikliyi istisna etmir: “Çünki Azərbaycan çox ciddi beynəlxalq çağırışlar ərəfəsindədir. Ölkənin iqtisadi-sosial durumunun pisləşdiyini nəzərə aldıqda aşkar görünür ki, hakimiyyət Avropa Oyunlarınından fərqli olaraq, siyasi sahədə ”qızıl medallar" qazana bilməyib".
Emil