Tural Mustafayev: «Bakı Şəhər Prokurorluğunun iki əməkdaşı, Bakı şəhər prokurorunun birinci müavini və MTN tərəfindən məcbur olunmuşam ki, şikayət edim»
Xəbər verildiyi kimi, Azadlıq Radiosunun əməkdaşı Xədicə Ismayılla bağlı aparılan istintaq yekunlaşıb. Bu arada Xədicə Ismayılın həbsinə səbəb olan radionun keçmiş əməkdaşı, jurnalist Tural Mustafayev də facebook profilində istintaqın bitməsi ilə bağlı Respublika Prokurorluğuna çağırıldığını xəbər verib. O bu və Xədicə Ismayıldan şikayətindən imtinası barədə “Yeni Müsavat”a müsahibəsində detalları açıqlayıb. Tural Mustafayev bildirib ki, onun prokurorluğa çağırsalar da getməyib. “Bu həftənin şənbə günü yenidən çağırıblar, şənbə günü gedəcəyəm”,- deyə o, əlavə edib.
O nəyə görə prokurorluğa çağırıldığının anlamadığını deyib: “Mən imtina etmişəm şikayətimdən. Amma istintaqdan məktub gəlib ki, istintaq yekunlaşıb, gəlməlisiniz. Bakı Şəhər Prokurorluğu məni hələ də zərərçəkmiş qismində tanıyır. Ona görə də iş Ağır Cinayətlərə veriləndən sonra bu məsələdə problemlər yaranıb – Bakı Şəhər Prokurorluğu məni zərərçəkən kimi tanıdığı üçün. Anlamıram ki, məni nəyə görə çağırırlar…
Hüquqşünasla məsləhətləşməmişəm. Əslində şikayət ərizəsini geri götürmüşəm. Bilmirəm, bu halda məni zərərçəkən kimi saxlamağa qanun icazə verir, ya yox. Amma mən Xədicə xanımdan şikayətçi deyiləm. Təzyiq altında şikayət etmişəm".
Tural Mustafayev daha sonra bildirib ki, Xədicə Ismayıla qarşı şikayətindən imtina barəsində ərizəsində göstərdiklərini məhkəmədə də deyəcək: “Mən şikayətimdən imtina ərizəmdə bütün gerçəkləri yazmışam. Əgər məhkəməyə çağırılsam, gedib orda həqiqəti danışacağam. Məhkəmədə deyəcəyəm ki, Bakı Şəhər Prokurorluğunun iki əməkdaşı, Bakı şəhər prokurorunun birinci müavini və MTN tərəfindən məcbur olunmuşam ki, şikayət edim. Şantaj ediblər, təzyiq göstəriblər. Sübut olaraq da dekabrın 27-də mən Göyçayda yaşadığım ünvandan oğurlanmışam. Fevral ayına qədər bir neçə yerdə saxlanmışam”.