Işçilər işdən çıxarılır, hasilat aşağı düşür, qanuna əməl edilmir…
Xəbər verildiyi kimi, “Bahar Energy” əməliyyat şirkəti 30 azərbaycanlı neftçini ixtisara salıb. Bu barədə ÿNeftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə bu şirkət 2010-cu ildə yarananda qanun pozuntusu halı baş verib. Yəni şirkət yaranarkən işçilərlə qanunazidd olaraq müvəqqəti müqavilə bağlayıb:
“2010-cu ilin oktyabrında işçilərlə müqavilə bağladılar, artıq 2011-ci ilin yanvarında işçiləri işdən çıxarmağa başladılar. Qanunvericiliyə zidd olaraq müvəqqəti müqavilə bağladılar, onun müddətini də uzatmadılar. Şirkət bütün işçilərlə daimi müqavilə bağlamalıydı. Çünki onların əvəlki iş yeri Qum adası idi və orada işçilərlə daimi müqavilə bağlayırdılar. 2011-ci ildən başlayaraq işçinin müqaviləsini uzatmırlar. Onları məhkəmədə müdafiə də edə bilmirik, ona görə ki, ikitərəfli razılıq əldə olunub. Işçilərin hamısından xahiş etdik ki, müvəqqəti müqavilə bağlamasınlar. Iki minə yaxın işçidir, onların hamısını işdən çıxarmayacaqlar ki? Keçən ilin dekabrında 100-dək işçini, bu ilin aprelində 80-dək işçini işdən çıxarıblar. Indi də 30 nəfərin müqaviləsini uzatmayıblar”.
M.Qəhrəmanlı söyləyir ki, şirkətdə köhnə işçilərin 20-30 faizi qalıb. Qanun işçilərlə 5 il müddətində bir neçə dəfə müvəqqəti müqavilə bağlanıbsa, bu müddətdən sonra həmin müqavilələrin daimi bağlanmasını diqtə edir. Şirkət isə ilin sonuna kimi işçilərin çoxunu işdən çıxarmaq istəyir. Həmin işçilərin maaşının aşağı olduğunu deyən hüquq müdafiəçisi, onların özüllərdə, dəniz estakadalarında işlədiyini deyir:
“Əməliyyat şirkəti əldən-ələ keçdiyi üçün hasilatı da qaldıra bilmirlər. ”Bahar" əməliyyat şirkəti ən yaxşı yataqda qurulsa da, həm yatağın evini yıxdılar, həm də hasilatı aşağı saldılar. 3-4 il ərzində bu cür proseslər baş verib. Yəni hasilat aşağı düşüb, çoxsaylı işçi işdən çıxarılıb, hətta bir nəfər də intihar edib. Oradan çıxarılan neftin yarısı Azərbaycana çatır, yarsının isə kimə çatdığı bilinmir. Orda işçilərin işdən çıxarılması prosesi gedir, qanunvericilik pozulur, neft də azalır. Bir gün də eşidəcəyik ki, “Bahar” yatağı bağlanır".
Nigar