Oqtay Güləliyev: «Ölkə həbsxanalarında vəziyyət dözülməz və ağır olaraq qalır»
Xəbər verildiyi kimi, ombudsman aparatının əməkdaşları 13 saylı Cəzaçəkmə Müəssisəsində olaraq məhbuslarla görüş keçiriblər. Həbsdə olan jurnalist Pərviz Həşimlinin ailəsindənÿBizimyol.info saytına daxil olan məlumata görə, ombudsmanın nümayəndələri bu həbsxanada cəza çəkən tanınmış məhbuslar – Əli Insanov, Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, Əbdül Əbilov, Ilkin Rüstəmzadə və digərləri ilə ayrı-ayrılıqda görüşüb onların problemləri ilə maraqlanıblar.
Vicdan məhbusları müəssisədə üzləşdikləri bəzi problemləri onların diqqətinə çatdırıblar. Problemlərdən biri kimi kəskin istilərə baxmayaraq, 150 nəfər məhbusun qaldığı baraklarda kondisionerlərin olmaması göstərilib. Məhbuslar Ombudsman vasitəsi ilə Ədliyyə Nazirliyindən xahiş ediblər ki, baraklar soyuducu sistemlərlə təchiz edilsin.
“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının rəhbəri Oqtay Güləliyev söyləyir ki, cəzaçəkmə müəssisələrində şərait ağır olaraq qalır. Hökumətin beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürdüyünü, bir sıra konvensiyalara qoşulduğunu deyən hüquq müdafiəçisinə görə, mövcud qanunvericilik aktlarına rəğmən, cəzaçəkmə müəssisələrində şərait hələ də çətindir:
“Bu istiqamətdə bəyanatlar, monitorinq və hesabatlar hazırlanır. Hesab edirik ki, verilən məlumatlar və faktlar bir daha sübut edir ki, Azərbaycan həbsxanalarında vəziyyət dözülməz və ağır olaraq qalır”.
Nigar