Ancaq onun adını nazirlə görüşəcək adamların siyahısına salmaq istəmirlər
Bu ilin mayında Qusar rayonu, Aşağı Imanqulukənd sakini Maksim Ağakişiyev “Azadlıq”a müraciət göndərmişdi. O, 1700 ədəd meyvə ağacının kəsilməsiylə bağlı məsələnin mahiyyətindən bəhs edirdi. Bağ sahəsində əkilən meyvə ağaclarının 27 yanvar 2010-cu ildə qanunsuz şəkildə doğranaraq məhv edilməsini söyləyən şikayətçi əlaqədar qurumlara etdiyi saysız-hesabsız müraciətinin nəticə vermədiyini bildirirdi:
“Qusar rayonunun Aşağı Imamqulukənd ərazisində mənə 1998-ci ildə dövlət aktıyla 9,88 ha pay torpaq sahəsi verilib. Mənə və ailə üzvlərimə verilən torpaq sahəsi iki hissədən ibarətdir. Bir hissəsi 7,39 ha, digər hissəsi isə 2,50 ha-dır. Torpaq sahələrinin arasında Hümmət adlı şəxsin sahəsi yerləşir. Hər iki torpaq sahəsində əvvəllər taxıl əkib-becərmişəm. 2,50 ha torpaq sahəsinin yanında 1,50 ha bələdiyyəyə məxsus sahə var ki, pay torpağı veriləndə oranı da hamı kimi istifadə etmişəm. Bələdiyyəyə həmin sahənin mənə icarəyə verilməsi barədə dəfələrlə müraciət etsəm də nəticə yoxdur.
2007-ci ilin noyabrında 2,50 ha torpaq sahəsi və yanındakı 1,50 hektarlıq sahədə, ümumilikdə 4 ha torpaq sahəsində meyvə ağacları əkməklə bağ saldım. Orada 1500 ədəd xurma ağacı, 200 ədəd isə ayrı-ayrı meyvə ağacları əkərək becərməyə başladım.
27 yanvar 2010-cu ildə bağ sahəmə gedərkən 4 hektar torpaq sahəsində əkdiyim dördillik meyvə ağaclarının hamısının baltayla kəsildiyini gördüm. Sahənin kənarında 5-6 ağac qalmışdı. Torpağın üstündəki qarda olan ayaq izindən görünürdü ki, ağacları üç nəfər kəsib. Bu işlə əlaqədar müxtəlif adamlar dindirildi. Samur polisinə etdiyim şikayət əsasında kənd əhalisindən də dindirilənlər oldu. Lakin bugünədək hadisənin mahiyyəti açılmayıb. Müxtəlif qurumlara etdiyim çoxsaylı şikayət ərizələri müsbət nəticə verməyib. Bu məsələnin obyektiv şəkildə araşdırılması və ağacları məhv edənlərin cəzalandırılmasını tələb edirəm".
Qusar sakininin sözlərinə görə, daxili işlər naziri Ramil Usubov gələn həftə Qusarda şikayətçiləri qəbul etməlidir. Maksim Ağakişiyev də şikayətlərini şəxsən nazirə çatdırmaq istəyir, ancaq yerli qurumlar onu nazirlə görüşəcək adamların siyahısına salmaqdan imtina edirlər. O da qəzetimiz vasitəsilə nazirə üz tutub rayona gələndə onun şikayətlərini dinləməsini xahiş edir.
Sosial şöbə