«Ukraynada Maydan və Ermənistandakı indiki hadisələr bir-birinə çox bənzəyir»
Hikmət Hacızadə: «Qərbin Ermənistandakı tərəfdaşlarını, QHT-ləri Rusiya çoxdan sıradan çıxarıb»
Rusiyanın xarici işlər naziri erməni əsilli Sergey Lavrov Ermənistanda yaranmış vəziyyətlə bağlı açıqlama verib və buna özünəməxsus şəkildə don geyindirməyə çalışıb, üstüörtülü şəkildə Qərbi ittiham edib. Lavrov Irəvanda əhalinin etiraz aksiyasının siyasi yox, iqtisadi xarakter daşıdığını söyləyib. Onun fikrincə, Ermənistanda elektrik enerjisi qiymətlərinin artımı haqqında qərarın qəbul olunmasından sonra başlamış etiraz aksiyaları siyasi yox, iqtisadi xarakter daşıyır. Amma bunu bəziləri siyasiləşdirməyə çalışır. Lavrov bildirib ki, bəzi qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edir, milli məsələlər əvəzinə, ölkədə sabitliyi pozmaq üçün alət edirlər.
S.Lavrov Ermənistanda baş verənləri Ukraynadakı Maydan hərəkatına bənzədib, gəncləri Qərbin çağırışlarına uymamağa çağırıb: “Siz rəngli inqilabların nə olduğunu bilirsiniz. Ukraynada Maydan və Ermənistandakı indiki hadisələr bir-birinə çox bənzəyir. Bu hərəkətlərlə gənclərdə həvəs oyadırlar ki, dövlət əleyhinə əhval-ruhiyyəni korlasınlar, mövcud hakimiyyətə təzyiqi artırsınlar və bununla da öz məqsədləri üçün istifadə etsinlər. Hərçənd, bu hadisələrin kökü iqtisadi məsələdir. Amma görünən odur ki, bu hadisələri şişirtmək kimlər üçünsə faydalıdır və bundan siyasi açar kimi yararlanırlar” (Anspress).
Ümumiyyətlə, Rusiya xarici işlər nazirinin Irəvanla bağlı belə əndişə ilə danışmasını başa düşmək çətin deyil. Rusiyanın Ermənistanda ciddi maraqları var. Amma bu maraqlar Rusiyanın son zamanlar yürütdüyü siyasət üzündən ciddi təhlükə altına düşüb. Rus əsgərinin Ermənistanda törətdikləri də Rusiyaya olan nifrəti bir qədər artırıb. Amma maraqlı məqam ondan ibarətdir ki, Rusiya Ermənistanda baş verənlərə görə Qərbi hədəf seçsə də, rəsmi Yerevan bu cür mövqedən çıxış etməyə tələsmir. Sərkisyan hələ baş verənləri siyasi motivlərlə əlaqələndirməyib və Qərbə qarşı ittihamlar səsləndirməyib. Bu cür yanaşmanın sərgilənməsi bir neçə səbəblə izah edir. Birinci səbəb odur ki, Ermənistan hakimiyyəti Rusiyanın proseslərdən istifadə edərək ölkədə əks-inqilab reallaşdıracağından və hazırkı iqtidarı devirəcəyindən ehtiyatlanır. Başqa bir səbəb isə odur ki, Ermənistan hakimiyyəti ölkədəki narazılığın real səbəblərini gözəl bildiyindən onu hər hansı xarici faktorla əlaqələndirmək üçün yetərli arqumentlər gətirə bilmir.
Politoloq Hikmət Hacızadə hesab edir ki, Lavrovun söylədikləri və Ermənistanda baş verənlərə görə Qərbi ittiham etməsi gülüncdür. Ermənistanda baş verənlərdə Qərbin rolunun olmadığını deyən H.Hacızadə vurğuladı ki, Rusiya bir qayda olaraq maraqlarına zidd addımlar atılanda Qərbi günahkar sayır: “Ermənistanda Qərbin heç dayaqları var ki? Qərbin Ermənistandakı tərəfdaşlarını, QHT-lər çoxdan Rusiya sıradan çıxarıb. Rusiya ənənəsinə sadiq qalaraq onun maraqları ilə düz gəlməyən müxalif fikirləri həmişə düşmən, satqın adlandırır. Stalinin dövründə almanlardan danışanları, daha sonra isə Amerikadan danışanları ”xalq düşməni" elan edirdilər. Halbuki bunlara heç bir əsas yox idi. Bunlar hamısı insan haqlarının pozulmasının, yürüdülən yanlış siyasətin nəticəsidir".
Sərkisyanın Rusiyadan fərqli olaraq Qərbi hədəf seçməməsinə gəlincə, H.Hacızadə vurğuladı ki, bu, Sərkisyanın Rusiyadan çəkinməsi ilə izah edilə bilər: “Ola bilər ki, Sərkisyan hələ qəti addım atmamaqla Rusiyadan göstəriş gözləyir. Eyni zamanda Sərkisyan açıq formada Qərbi hədəf seçməkdən də çəkinə bilər”.
Xəyal