Xarici borcların ödənilməsi və iqtisadiyyatın zəifləməsi təhlükəsi üçüncü rübdə rublun daha 10% ucuzlaşmasına gətirib çıxara bilər. Belə bir açıqlama ilə BNP Paribas bankının nümayəndəsi Pyotr Xveyçak çıxış edib.
«Kreditlərin vaxtının uzadılması sanksiyaya məruz qalan şirkətlər üçün problem yaradır. Rusiyanın ciddi struktur problemləri var və bu uzun müddət davam edəcək», – deyə o bildirib. Bloomberg-in yazdığına görə, son dörd rübdə Xveyçakın bütün proqnozları özünü doğruldub.
Ekspertin sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiya şirkətlərinin beynəlxalq kapital bazarına çıxışını məhdudlaşdırır. Bu səbəbdən də xarici borcları ödəmək üçün onlar daxili bazarda valyuta almalı olur.
Rublun ucuzlaşmasına beynəlxalq ehtiyatlarını artırmaq üçün valyuta almağı davam edən Mərkəzi Bankın siyasəti də təsir edəcək.
Bloomberg ekspertləri üçüncü rübdə dolların 60 rubla qalxacağını proqnozlaşdırırdı.
azadlıq.info