Məhəmməd Talıblı: «Son 5 ildə Neft Fondunun aktivlərinin idarə edilməsi 1 faizin üzərində olmayıb»
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə qızıl da daxilidir. “Marja” xəbər verir ki, ARDNF qızıla investisiyadan hələlik zərərdədir.
Belə ki, 1 yanvar 2013-cü il tarixinə ARDNF-in balansındakı qızıl külçələrin dəyəri 624,735 milyon manat təşkil edib. 2013-cü il ərzində isə cəmi alış 542,782 milyon manat olub. 2014-cü il ərzində isə ARDNF qızıl almayıb.
Dünya bazarında qızılın qiyməti düşdüyündən Neft Fondu bu alətə investisiyadan 2013-cü ildə 243,186 milyon manat, 2014-cü ildə isə 22,187 milyon manat itirib. Faktiki olaraq 1 milyard 167,5 milyon manatlıq qızıla investisiya 265,4 milyon manat “əriyərək” 902,1 milyon manata düşüb (31 dekabr 2014-ə balans dəyəri).
Qeyd edək ki, qızılın bahalşaması vəziyyətində ARDNF itkilərini bərpa edə bilər.
ARDNF-in bu cür itkisi birinci dəfə deyil baş verir. Bu cür itkilərə məruz qalma nəyin nəticəsidir? Nəyə görə dünya bazarında neftin qiymətinin düşməsinin fonunda Azərbaycan hökuməti əks tədbirlər görmür.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, NF aktivlərini qiymətli kağızlara yerləşdirib, daşınmaz əmlak və qızıl alıb. M.Talıblının sözlərinə görə, aktivləri bu cür müxtəlif istiqamətlərə yerləşdirməklə, riskləri minimumlaşdırmaq və diversifikasiya siyasəti yürütmək istəyib: “Amma dəyişən şərtlər altında gəlirlilik səviyyəsi azalıb. Eyni zamanda aktivlərin idarə edilməsində də gəlirlilik səviyyəsi aşağı düşüb. Son 5 ildə Neft Fondunun aktivlərinin idarəedilməsi 1 faizin üzərində olmayıb. Bəzi illərdə 0,87% olub. Yəni aktivlərin idarə edilməsindən olan gəlirlilik manatla 250 milyon manat həddində dəyişir. Bu, bütün aktivlərin təkcə idarəetməsindən bütün mənbələr üzrə daxilolmaları əhatə edir. Qızıldan olan ziyan isə həmin gəliri də əhəmiyyətsizləşdirir. Ona görə bu aktivlərin hansındasa zərərlə olan vəsait ümumi idarəetmə keyfiyyətini və rentabellilik səviyyəsini aşağı salır”.
M.Talıblının sözlərinə görə, digər tərəfdən neftin qiymətinin az qala 2 dəfə aşağı düşməsi fondun ümumi daxilolmalarını da aşağı salacaq. Bu isə o deməkdir ki, NF-nin büdcəyə transfertlərinin həcmi qədər daxilolmalar olmayacaq. M.Talıblı bildirdi ki, yumşaq hesablama ilə ziyan 6 milyarddan az olmayacaq. Bu isə aktivlərin nisbi artması və ümumi aktivlərin azalması fonunda daha çox zərərli olacaq: “Başqa sözlə, ”təhlükəsizlik yastığı" hesab olunan Neft Fondunun özünün durumu da əvvəlki qədər yaxşılaşmır. Büdcənin əvvəlki qədər səxavətli transfertlərə imkanı olmayacaq. Növbəti 1-2 ildən sonra Neft Fondundan büdcəyə 10 milyardlıq transfert mənbəyi necə dözə biləcək, bunu bilən yoxdur. Hələ bu fiskal problemlər qarşısında bir neçə beynəlxalq idman oyunlarına da ev sahibi etmək istəyirik. Bu artıq neft pullarının sonuna bizi sürətlə yaxınlaşdırmaq demək olacaq. Postneft dövrünün təhlükələri haqqında indidən düşünmək lazımdır".
Xəyal