"Hakimiyyət Qarabağ qazisindən intiqam alır"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə, şahidlərin, zərərçəkən və ittiham olunan şəxsin ifadələri dinlənilib. Bu iş üzrə ittiham olunan digər şəxs, Rafiq Hüseynov isə ifadə vermək üçün hazır olmadığını, növbəti prosesdə ifadə verəcəyini bildirib.
Bundan sonra prokuror ittiham aktını elan etdi. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320 (sənədlərin saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilən şəxslər isə bu iş üzrə özlərini təqsirli bilmədiklərini bəyan etdilər.
İlk olaraq zərərçəkmiş kimi tanınan Fəridə Zülfüqarovanın ifadəsi dinlənildi. Zərərçəkən şəxs, Asif Yusiflini əvvəllər tanımadığını, sonradan bir qohumu vasitəsilə Asiflə tanış olduğunu bildirdi:
"Oğlum imtahandan kəsilmişdi. Onu hansısa Universitetə düzəltmək haqqında düşünür, bunun üçün müxtəlif yollar arayırdım. Sonradan uzaq qohumum bir dostunun bu işdə mənə kömək ola biləcəyini bildirdi. Bundan sonar qohumumun dediyi Asiflə telefon vasitəsilə əlaqə saxladım.
Asif özünün yox, tanışının. Universitetlərlə əlaqəsi olduğunu bildirdi. Bir müddət sonra biz Asifin dediyi, sonradan adının Rafiq olduğunu öyrəndiyim şəxslə görüşdük. Görüşdə qohumum Bəhmən İmanov da iştirak edirdi. Biz orada razılaşdıq və oğlumun Azərbaycan Kopperasiya Univeristetinə qəbul olunması qarşılığında Rafiq Hüseynova 6500 manat pul verdim.
Lakin üstündən xeyli keçəndən sonra məlum oldu ki, vəd olunan Kopperasiya Universiteti alınmır. Bundan sonra Rafiq mənə Naxçıvan Dövlət Universitetini təklif etdi. Mən bununla da razılaşdım. Lakin 6 aydan sonra məlum oldu ki, NDU-də düzəlmir. İşin alınmadığını görüb, verdiyim pulları geri tələb etdim".
Prokuror: Qaytardılarmı sizdən aldıqları məbləği?
Zərərçəkən: Bəli, qaytardılar
Prokuror: Onlar sizdən aldığı məbləğə görə hər hansı qəbz vermişdilər?
Zərərçəkən: Bəli, vermişdilər
Prokuror: İttiham olunan şəxslərdən şikayətçisinizmi? Və ya özünüzü zərərçəkən hesab edirsinizmi?
Zərərçəkən: Xeyr
Vəkil Fəxrəddin Mehdiyev: Hazırda sizdən alınan məbləğ tam olaraq ödənilib?
Zərərçəkən: Ödənilib və buna görə də heç bir şikayətim yoxdur
Daha sonara Asif Yusifli ifadə verdi. O, əvvəlcə məhkəmədə şahid qismində dindirilən Bəhmən İmanovla tanışlıqlarına aydınlıq gətirdi:
"2009-cu ilin yay ayları idi. 20 Yanvar metrosu tərəfdə bir tanışımla görüşüb yaxınlıqdakı kafelərdən birində oturmalı olduq. Bir qədər sonra bir nəfər gəlib ofsiyantı danladı ki, bunları uyğun yerdə otuzdurmamısan, daha yaxşı yer təklif etmək lazım idi. Elə oldu ki, bir neçə dəfə həmin kafedə oturmalı olduq. Elə kafenin sahbi Bəhmənlə münasibətlərimiz də buradan yarandı.
Bir gün oturmuşduq, Bəhmənə zəng gəldi. Bəhmən danşığı bitirəndən sonra zəng edənin yaxın qohumu olduğunu, oğlunu Universitetlərin birinə düzəltmək istədiyini bildirdi. Bizdən də belə bir tanışımızın olub-olmadığını soruşdu. Mən Bəhmənlə münasibətlərimizi nəzər alaraq onu Rafiqlə əlaqələndirdim. Bir müddət sonra Bəhmən Rafiqlə məni Fəridə xanımla görüşdürdü və bu xanım razılaşmadan sonra 6500 mantı Rafiqə təqdim etdi. Ondan sonra baş verənlər isə Fəridə xanım özü səsləndirdi.
Gələk, Rafiq Hüseynovun həbs olunmasına. Bir gün Rafiq mənə zəng vurdu ki, təcili gəlim Bəhmənin kafesinə. Mən ora gedəndə kafedə Rafiq, Bəhmən və tanımadığım iki nəfəri gördüm. Rafiq dedi ki, məni həbs edirlər, pulu ödəməsəm sabah polis idarəsinə aparacaqlar.
Rafiq polislərin yanında Fəridədən pul aldığını etiraf etdi və bu haqda polislərə yazılı kağız da verdi. Bundan sonra rafiq polislərə 10 min manata avtomobil aldığını, azadlığa buraxılması qarşılığında onu girov qoyabiləcəyini də bildirdi.
Lakin Bəhmən bu avtomobilin 5 min manat dəyəri olduğunu bildirdi və yalnız bu dəyərləndirmə ilə razılaşacağını bildirdi. Rafiq də buna eitraz etmədi. Lakin sonradan məlum oldu ki, bu avtomobil Rafiqin qaynının oğluna məxsusdur və onu satmaq mümkün deyil. Eyni zamanda, Rafiqin qaynı oğlu da avtomobilini tələb edir.
Beləcə, bir müddət sonra pulu qaytara bilməyən Rafiqi həbs etdilər. Rafiqin həbsindən sonra mən, deyilən məbləği hissə-hissə ödəməyə başladım.
2014-cü ilin noyabrına, yəni həbs olunana qədər pulun müəyyən hissəsini ödədim. Təxminən 4 min manat pul qalmasına baxmayaraq, həbs olunandan sonra məndən 6200 manat pul aldılar”.
Asif Yusifli Həbsinin siyasi motivli olduğunu da bildirdi:
“Hesab edirəm ki, həbsim siyasi motivlidir, sosial şəbəkələrdəki tənqidi fikirlərimə görədir. Mən nə tələbə bileti satmışam, nə hazırlamışam nə də kimdənsə pul alıb iş qurmamışam.
Həbsimin siyasi motivli olmasının sübut edən daha bir fak isə keçirtdiyim ağır qəzadan sonra mənə ödənilməli olan 6 min manat sığortanın verilməsindən imtinanı göstərə bilərəm.
Siyasi fəaliyyətimin həbsimə səbəb olacağı barədə müxtəlif şəxslərdən, müxtəlif formada xəbərdarlıq da almışdım”.
Məhkəməyə şahid kimi dəvət edilən Bəhmən İmanov da ifadəsində fərqli heç nə səsləndirmədi. Onun ifadəsi də zərərçəkən və ittiham olunanların ifadəsilə eynilik təşkil etdi.
Fəridə Zülfüqarovanın oğlunun məhkəməyə gətirilməsinə gəldikdə isə, anası onun hazırda Azərbaycanda olmadığını bildirdi. İttiham olunan şəxslər isə öz növbəsində onun Bakıya qayıtmasına ehtiyac olmadığını bildirdilər. Asif Yusifli bildirdi ki, o gənc heç bir işdə tərəf olmayıb və onun məhkəməyə gətirilməsinin də heç bir anlamı yoxdur.
Bununla da məhkəmə prosesi başa çatdı. Növbəti proses 9 iyul saat 10:30-a təyin edildi.
***
AXCP sədri Əli Kərimli Facebook səhifəsində Qarabağ qazısı, saxta ittihamlarla həbs edilən Asif Yusiflidən yazıb:
"Ümid edirəm, Bakıda Ermənistan bayrağının dalğalanmasına hökumətin şərait yaratmasından sonra hətta əvvəllər tərəddüdü olanlar da başa düşdü ki, rejimin özünü Qarabağsevər kimi təqdim etməsi maska taxmaqdan başqa bir şey deyil. Hələ də tərəddüdü olanlar da buyursunlar, Asif Yusiflinin məhkəməsində iştirak etsinlər.
Bu gün dostlarla birlikdə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, hüquqşünas Asif Yusiflinin məhkəməsində iştirak etdim. Asif bəy də digər siyasi məhbuslar kimi cinayət törətmədiyi halda siyasi mövqeyinə və mübarizəsinə görə mühakimə olunur. Asif bəy BDU-nun hüquq fakultəsində təhsilini başa vurub, Qarabağ savaşına könüllü gedib. 1993-cü ildə Laçının və Kəlbəcərin kəndləri uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb, 1995-ci ildə 1-ci qrup Qarabağ əlilliyi tanınıb. Milli Şuranın keçən ilin payızında keçirdiyi mitinqlərdən sonra həbs olunub. Qarabağ qazisini əsassız olaraq həbs etməklə də kifayətlənməyiblər. Bu gün məhkəmədə öyrəndim ki, həbs edildikdən sonra Asif bəyin əlilliyinin qrupunu da dəyişiblər. İndi, 20 ildən sonra onun əliliyini 1-ci qrupdan 2-ci qrupa keçiriblər ki, daha az müavinat alsın. Bu da son deyil. Asif bəyi tanıyanlar bilir ki, o, 2-3 il bundan qabaq çox ağır avtomobil qəzasına uğramışdı. O qəzadan sonra 6600 manat sığorta pulu almalıymış. Məhkəmədə öyrəndim ki, hələ də sığorta pulunu almasına imkan vermirlər. Həm də bilirsiniz hansı absurd əsasla? Deyirlər ki, dövlətin hələ pulu yoxdur sənin sığorta haqqını ödəsin. Asif bəyin qızı isə çox ağır xəstədir…
Bütün bunları bilə-bilə Asif bəyi təkcə azadlığından deyil, həm də ailəsini dolandırmaq imkanlarından məhrum edirlər.
Asif bəy də, biz də onun həbsinin gerçək motivini çox yaxşı bilirik. Yadınızdadır, 2013-cü ilin son günlərində oliqarxların boğaza yığdığı, beş uşaq atası, Qarabağ qazisi Zaur Həsənov özünü Respublika Həmkarlar İttifaqının binası qarşısında yandırmışdı? Bəli, o zaman biz hamımız cəmiyyət olaraq möhkəm hiddətlənmişdik (o başqa məsələ ki, hirsimiz hər zamankı kimi, tez soyudu). Bax, həmin günlərdə məhz Qarabağ qazisi Asif Yusifli etiraz aksiyası təyin edərək, facebook vasitəsilə bütün Qarabağ qazilərini Bakının mərkəzinə, həmin aksiyaya qoşulmağa çağırmışdı. Hökumət çox narahat olmuşdu. Qorxularından Zaur Həsənovun ailəsinə xeyli maddi köməklik də etdilər (başqa intihar edənlərin ailələrinə belə kömək edilmir, o zaman qorxmuşdular). Həmin hadisədən sonra artıq Asif bəyin adının “qara siyahı”ya salındığını, həbsinin zaman məsələsi olduğunu o da, biz də bilirdik. Asif bəy Zaur Həsənovun intiharı zamanı göstərdiyi mərdliyin cəzasını çəkir.
Dostlar, indi sizlər Qarabağ üçün ürəklə savaşmış, müharibədə bədəninin bir parçasını, sağlamlığını qoymuş insanlara rejimin gerçək münasibətinin necə olduğunu bilirsiniz.
Bütün bu acılara rəğmən, sonda sizinlə bir xoş təəssüratımı bölüşmək istəyirəm. Asif bəy bütün bu çətinlikləri mərdliklə adlayır. Optimistdir, mübarizə ovqatı yüksəkdir. Nəyin cəzasını çəkdiyini bilir. Bu dövrün keçici olduğunun fərqindədir. Nisbi azadlıqda olan bizlərə mesaj göndərdi ki, möhkəm olaq".