Qurumun Bakı ofisi fəaliyyət mandatının dekabrın 31-dək qüvvədə olduğunu açıqladı
Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bir ay əvvəl twitter hesabında ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayandırıldığını yazmışdı. “Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb. Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer Aleksis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı", – deyə Novruz Məmmədov bildirmişdi.
Bundan sonra xəbər yayıldı ki, Azərbaycan Xarici Işlər Nazirliyi Layihə Koordinatorluğunun bağlanması üçün nota verib. Bu, ABŞ-la Azərbaycan hakimiyyəti arasında yeni qalmaqal kimi qiymətləndirilirdi. Çünki iqtidar Aleksis Şahtaxtinskinin geri çağırılmasını məhz ABŞ-ın təkidilə baş tutduğunu iddia edirdi.
XIN-nin notasından sonra Vyanada ATƏT-in Daimi Şurasının iclasında da ABŞ-ın şuradakı səfiri Daniel B.Baer məsələyə sərt reaksiya vermişdi. O, bildirmişdi ki, Azərbaycan Layihə Koordinatorunun işilə bağlı Anlaşma Memorandumundan imzasını geri götürmək barədə xəbərdarlıq edib. “Bu, çox məyusedicidir, bunu başqa cür ifadə etmək mümkün deyil”,- deyə səfir Baer bildirmişdi. Səfir həmçinin Layihə Koordinatorunun 57 üzv dövlətin razılaşdığı siyasi mandatla fəaliyyət göstərdiyini və onu yalnız konsensus qərarla ləğv etməyin mümkün olduğunu vurğulamaqla Bakının cəhdlərinin əbəs olduğuna işarə vurmuşdu.
Lakin Azərbaycan hakimiyyəti bundan sonra da mövqeyindən geri çəkilmədi. ATƏT-in Bakı ofisinə 5 gün vaxt verildi. Bakı ofisinin dünən yaydığı açıqlamadan bəlli olur ki, ATƏT də geri çəkilmək niyyətində deyil. ATƏT-in mətbuat mərkəzindən APA-ya bildirilib ki, Layihələr Koordinatorluğuna dair qarşılıqlı anlaşma memorandumunun ləğv edilməsi ATƏT çərçivəsində Azərbaycanla əməkdaşlığa heç bir formada zərbə vurmur. Qeyd olunub ki, ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğunun mandatı 31 dekabr 2015-ci il tarixinədək qüvvədədir. Bu qərar ATƏT-in Daimi Şurasının 27 noyabr 2014-cü il tarixli iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib.
Beləliklə, ATƏT-in Bakı ofisi faktiki olaraq dekabrın 31-dək fəaliyyət göstərəcəyini bəyan edərək, Azərbaycan hakimiyyətinin tələbini rədd edib.