Keysi Miçel: «Azərbaycan nümayəndəsi bildirdi ki, məni səfərə aparıb, xərclərimi bir şərtlə ödəyərlər – hakimiyyət haqqında tənqidi heç bir şey yazmayım…»
Azərbaycan hakimiyyəti ABŞ-da lobbiçilərə xərclədiyi maliyyənin həcmini daim artırsa da, mühüm nəticə yoxdur. “Contact.az”ın məlumatına görə, Vaşinqtonda bir sıra media orqanlarının araşdırmasının gəldiyi yekun rəy belədir.
“Son illər Azərbaycan hakimiyyətinin Vaşinqtondakı maraqlarının lobbiləşdirilməsi artıb və bunun zəifləməsi ilə bağlı heç bir əlamət yoxdur”, – deyə Vaşinqtondan araşdırmaçı-jurnalist Keysi Mitçel bildirib.
Amerikanın “Foreign Policy” jurnalının əməkdaşı Ilya Lozovski deyib ki, Azərbaycan ABŞ-da bu məqsədlə ən çox vəsait xərcləyən ölkələr onluğuna daxildir.
SOCAR böyük vəsait hesabına bir neçə Amerika firması tutub ki, onlar da 2013-cü ildə bir qrup konqresmen və işçinin Bakıya səfərini təşkil ediblər.
Nəqliyyat naziri Ziya Məmmədovun oğlunun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı da dövlət emissarlarının xaricdə lobbiçi kimi fəaliyyət göstərməsinə nümunədir.
Alyansın saytında 60-dan çox konqresin adı çəkilir. Onlar Azərbaycanla dostluq Forumunun üzvləridir. Onların arasında Bill Şuster və Stiv Koen də var.
Öz növbəsində K.Mitçel bildirib ki, 2013-cü ildə onun qarşısında şərt qoyublar ki, Azərbaycana səfərə dəvət alarsa, ölkə haqqında tənqidi heç nə yazmasın.
“Azərbaycan nümayəndəsi bildirdi ki, məni səfərə aparıb, xərclərimi bir şərtlə ödəyərlər ki, hakimiyyət haqqında tənqidi heç bir şey yazmayım. Yəni onların istədiklərini yazım”, – deyə o vurğulayıb.
Lobbiçilik istənilən demokratik idarəetmədə olduqca effektivdir və bu, ABŞ siyasətində alətdir. Halbuki, siyasətçilərə bilavasitə xarici dövlətlərdən pul almaq qadağan edilib, daxili və xarici lobbiçilər tərəfindən dolayısı ilə maliyyələşdirməyə yol verilir.
Bu isə o deməkdir ki, Mərkəzi Asiyada və Yaxın Şərqdə öz ölkələrində vətəndaşlarının əsas hüquqlarını pozan diktaturalar xaricdə müsbət obraz yaratmaq üçün Amerika siyasi sisteminə yetərincə vəsait verirlər.
Problem ondadır ki, demək olar, Azərbaycanın böyük pullar xərclədiyi bütün lobbiçilər bu rejimin xeyrinə fəaliyyət göstərirlər.
“Onlar yalnız ölkədə baş verənlərlə bağlı birtərəfli baxışla çıxış edirlər, insan hüquqları barədə danışmırlar”, – deyə Lozovski qeyd edib.
ABŞ qanunlarına görə, xarici hökumətlərə işləyən lobbiçilər xarici agent kimi qeydiyyatdan keçməli, öz müqavilələrini və tədbirlərini açıqlamalıdır. Lakin elə adamlar var ki, Azərbaycan hökumətilə işləyirlər, lakin bunları açıqlamırlar.
“Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” (AZAD) təşkilatının rəhbəri Elmar Şahtaxtinski hesab edir ki, ÿbəzi lobbi qrupları ictimai təşkilat kimi qeydiyyatdan keçərək qanundan kənarda qalmağa çalışırlar. Onların Amerika konqresmenlərini Azərbaycan hakimiyyətinin lobbiçilərinə cəlb etmək cəhdləri əslində, qanunun pozulmasıdır.
“Amerikalılar repressiv xarici hökumətin timsalında xarici qüvvənin Amerika xarici siyasətini almaq istəməsindən narahat olmalıdır”, – deyə Elmar Şahtaxtinski vurğulayıb.
Lobbiçiliyin nəticəsi göz önündədir. Senator Çak Şumer Azərbaycanın xarici siyasətini böyük demokratiya, onun həmkarı Ted Roe isə daha da uzağa gedərək, Azərbaycanı “demokratiyanın parlaq işığı” adlandırır.
“Hökumətlər bilməlidir ki, onların reputasiyası ləkələnib. Ancaq bu obrazı dəyişmək əvəzinə onu ört-basdır etməyə çalışırlar”, – deyə “Amerikanın səsi”nin Mərkəzi Asiya üzrə analitik və jurnalisti Navbahor Imavova bildirib.