Stefen Harper: «Putin rejimi aramsız təzyiqlərin nəticələrini hiss etməlidir»
ABŞ-ın Rusiyanın neft-qaz şirkətlərilə bağlı yeni sanksiyaları qüvvəyə minib. Bunu Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət Idarəsi bəyan edib. Sanksiya siyahısına “Qazprom”, “Lukoyl”, “Transneft”, “Qazprom neft” və “Surqutneftqaz” şirkətləri daxil edilib. Məhdudiyyətlər dərin sular və Arktika şelfində, həmçinin şist qatlarında karbohidrogen ehtiyatların mənimsənilməsi üçün istifadə edilən mallar və texnologiyaların Rusiyanın neft-qaz şirkətlərinə satışını qadağan edir.
Bir gün əvvəl Kanada da Rusiyanın 14 hüquqi və 3 fiziki şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq edib. Viza məhdudiyyəti və iqtisadi sanksiyaya məruz qalan rusiyalı fiziki və hüquqi şəxslərin siyahısı da yayımlanıb. “Qazprom”, “Qazprom neft”, “Surqutnefteqaz”, “Transneft” də sanksiya tətbiq olunan şirkətlər sırasındadır. Viza məhdudiyyəti “Avrasiya Gənclər Ittifaqının” xadimləri, Aleksandr Duqin, Pavel Kanşiev və Andrey Kovalenkoya tətbiq edilib. “Avrasiya Gənclər Ittifaqı”, investisiya şirkəti olan “Marshall Capital Fond” və Kanada hökumətinin sənədində “baykerlər dəstəsi” adlanan “Gecə canavarları” motosikletçilər klubu da sanksiyaların təsiri altına düşüb.
Siyahıda müdafiə və enerji sektorlarının təşkilat və müəssisələri də var. Bura “Birləşmiş Aviatikinti Korporasiyası”, “Tula silah zavodu”, OPK “Oboronprom”, “Stankoinstrument” asosasiyası da var.
Bununla yanaşı, Kanada Krımla ticarət əlaqələrini də qadağan edib. Qadağalara investisiyalar, maliyyə xidmətləri, məlumatların ötürülməsi və kruiz gəmilərinin Krım limanlarına daxil olması daxildir.
Kanadanın baş naziri Stefen Harper siyahının genişlənməsinin Ukraynadakı vəziyyətlə bağlı olduğunu bildirib: “Həqiqi sülh əldə edilmədən, işğalçı qüvvələr bu ərazidən çıxmadan, Ukraynanın ərazi bütövlüyü təmin edilmədən, prezident Putinin rejimi aramsız təzyiqlərin nəticələrini hiss etməlidir”.
Rəsmi Rusiya Ukraynanın şərqində hərbi qüvvələrinin olmasını inkar edir. Krımın ilhaqından sonra 2014-cü ildə qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi. O zamandan bəri sanksiyalar artır. Bu addımlara cavab olaraq Rusiya sanksiyalara qoşulan ölkələrdən bir sıra ərzaq mallarının idxalına qadağa qoyub.
2015-ci ilin iyununda Avropa Ittifaqı və Rusiya qarşılıqlı şəkildə sanksiyaların müddətini uzadıb.