Oskayan və Bozacıyan Azərbaycanı yumurta və toyuq əti ilə təchiz edir
Azərbaycanın broyler şirkətlərini damazlıq yumurta və cücə ilə təchiz edən, habelə ölkəyə toyuq əti ixrac edən Türkiyə şirkətinin iki ortağı ermənidir. Bu barədə “virtualaz.org”a Türkiyə mənbələri məlumat verib.
Araşdırmalar nəticəsində üzə çıxıb ki, “Emre Piliç Qida Sənaye və Ticarət Limited” şirkətinin səhmdarları arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozacıyan adlı iki erməni də yer alır.
“Emre Piliç” şirkətinin internet saytında yerləşdirilmiş məlumatlara görə, şirkət 1996-cı ildə Türkiyənin Kocaeli bölgəsində qurulub. Hazırda 4 bölgədə – Izmit, Mudurnu, Nallıhan və Ayaşda fabrikləri, 9 quşçuluq təsərrüfatı və 279 işçisi var.
Şirkət istehsal etdiyi məhsulları həm Türkiyə bazarında satır, həm də xarici ölkələrə ixrac edir.
“Emre Piliç” xarici bazarlara 2008-ci ildə açılıb. 2012-ci ildə 23 milyon, 2013-cü ildə 44 milyon, 2014-cü ildə isə 60 milyon ədəd yumurta ixracı həyata keçirib. Bu il isə şirkət 100 milyon ədəd damazlıq yumurta ixrac etməyi planlaşdırır.
Şirkətin ixrac həyata keçirdiyi ölkələr Rusiya, Ukrayna, Iran, Iraq, Azərbaycan, Özbəkistan, Misir, Səudiyyə Ərəbistanı və Gürcüstandır.
Türkiyə Ticarət Sicili Qazetesinin (Türkiyə Odalar və Borsalar Birliyinin rəsmi yayım orqanı) 2014-cü il, dekabrın 12-də dərc edilmiş sayında yer alan məlumata əsasən “Emre Piliç” şirkətinin Səhmdarlar Şurası həmin il noyabrın 11-də toplanıb. Şirkətin nizamnamə kapitalının 33 milyon türk lirəsindən (TL) 38 milyon TL-yə qədər artırılmasına dair yekdilliklə qərar çıxarıb.
Qərarın altına imza atan səhmdarların siyahısı: Ömər Oral, Arto Sevan Oskayan, Seyhan Davutoğlu Daştan, Mert Ibrahim Daştan, Andranik Raffi Bozacıyan, Ömür Oral, Onur Oral.
Bəs şirkətin Azərbaycandakı tərəfdaşları kimlərdir? Bu şirkətdən yumurta və cücəni hansı şirkətlər idxal edir?
Internetdə aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycandan bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “Imişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “Ismayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “Ispanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digər şirkətlərin adları var.
Lakin adıçəkilən şirkətlərin “Emre Piliç”lə hansı formada işgüzar əməkdaşlıq etdiyini Türkiyə qaynaqlarından dəqiqləşdirmək mümkün olmayıb.
“Azərbaycandakı quşçuluq təsərrüfatları Türkiyənin ”Emrə Piliç" şirkəti ilə əməkdaşlıq edir. Yəni quşçuluq təsərrüfatları müqavilə əsasında şirkətdən məhsul alırlar", – deyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Tofiq Atazadə “virtualaz.org”a bildirib.
T.Atazadə şirkətlə hansı yerli təsərrüfatların əməkdaşlıq etdiyini, ölkəyə nə qədər məhsul gətirildiyini açıqlamasa da, ötən il “Emre Piliç”dən məhsul alındığını təsdiqləyib.
Azərbaycan Quşçuluq Cəmiyyətindən isə “Emre Piliç”lə əməkdaşlıq edilmədiyini söyləyiblər: “Biz təşkilat olaraq ”Emre Piliç" şirkəti ilə əməkdaşlıq etmirik. Lakin regionlardakı quşçuluq təsərrüfatları əməkdaşlıq çərçivəsində Türkiyədən, “Emre Piliç”dən məhsul alırlar".
“Hacıqabul” quşçuluq təsərrüfatının anbar müdiri də “Emre Piliç”dən məhsul almadıqlarını söyləyib: “Biz yalnız öz məhsullarımızın satışı ilə məşğuluq. Şirkət olaraq təkcə Türkiyədən deyil, heç bir ölkədən məhsul almırıq”.
“Imişli quşçuluq” təsərrüfatının ofis meneceri Aytəkin Qədirova da “Əmrə Piliç” şirkəti ilə əməkdaşlıq etmədiklərini bildirib: “Ümumiyyətlə, bu şirkətin adını ilk dəfədir eşidirəm. Bizim müəssisə o şirkətlə heç vaxt əməkdaşlıq etməyib”.
Özünü “Dəvəçi broyler”in satınalmalar üzrə direktoru kimi təqdim edən şəxs əməkdaşlıqla bağlı məlumatsız olduğunu deyib: “Sizin suallarınızı digər şöbədən cavablandıracaqlar. Həmin şöbənin əməkdaşları isə hazırda ofisdə yoxdur”.
“Siyəzən broyler”in hüquqşünası olduğunu deyən şəxs isə “məsələni araşdırandan sonra cavab verə biləcəyini” deyib.
Quşçuluq sektorundakı qaynaqlardan isə məlum olub ki, hazırda “Emre Piliç” şirkətinin Azərbaycandakı əsas tərəfdaşı “Həmzə” MMC-dir. “Emre Piliç”in həmin şirkətdə ortaqlığı var. Bu şirkət Bakının Zirə qəsəbəsi yaxınlığındakı inkubatorunda “Emre Piliç” şirkətindən alınan yumurtalardan cücə çıxarılmasını həyata keçirir və onu broyler fabriklərinə satır.
Həmçinin öyrəndik ki, “Emre Piliç” şirkətindən yumurta idxalını əsasən Neftçalada yerləşən “Şəfalı broyler” həyata keçirir, tərəfdaşlıq hazırda da davam edir.
Bəs görəsən, Azərbaycandan “Emre Piliç”lə əməkdaşlıq edən iş adamları bu şirkətin səhmdarlarından ikisinin erməni olduqlarını biliblərmi?
Ola bilsin ki, bilməyiblər və söhbət Türkiyə şirkətindən getdiyinə görə heç şübhələnən də olmayıb. Lakin bu fakt göstərir ki, erməni iş adamları Türkiyədə sərbəst şəkildə bizneslə məşğul ola, hətta Azərbaycana ixrac həyata keçirə bilirlər.