Iyunun 2-də Ismayıllıda saxlanılan jurnalist Elçin Ismayıllı dünən məhkəmə zalından azad buraxılıb. Ona xəbərdarlıq edilib. O, “Amerikanın Səsi”nə bildirib ki, dünən axşam (srağagün – red.) evə gedərkən saxlanılıb. Onu üç polis işçisi saxlayıb və bildirib ki, o, ünvansız söyüş söyüb.
Dünən məhkəmədə polislər ziddiyyətli danışıb.
“Onlar bildirdilıər ki, mən sərxoş olmuşam və polisdə qapını sındırmağa cəhd göstərmişəm. Bu, cəfəngiyyatdır, çünki yalın əllə dəmir qapını sındırmaq mümkün deyil, hətta cəhd göstərsən belə əlində və ya bədənində hər hansı fiziki xəsarət olmalıdır”, deyə jurnalist bildirib.
Sonda hakim Azad Quliyev jurnalistə xəbərdarlıq edilməsilə kifayətlənib.
Jurnalistin sözlərinə görə, əslində onu peşə fəaliyyətilə əlaqədar saxlayıblar. “Polisdə tələb oludu ki, Ismayıllı rayonu haqqında tənqidi məqalələrə son qoyum, çünki bu, ”dövlətçiliyin əleyhinədir". Əsasən Internetdə yayımlanan “Azərbaycan saatı” teleproqramında materiallar narahatlıq doğurub. Proqramın rəhbəri Qənimət Zahidlə əlaqəni kəsim", o qeyd edib.
Həmçinin jurnalist cumhuriyyet.az saytında “Ismayıllıda monitorinqin nəticələri” məqaləsinin dərcində ittiham edilib. Məqalədə əhalinin yoxsul vəziyyətindən, insanların mağazalardan lazımi şeyləri ala bilməməsindən danışılır. Bu səbəbdən bütün mağazalarda vətəndaşlar ərzağı borca alırlar.
Polis tələb edib ki, o, Avropa Oyunlarına qədər sussun və “Azadlıq” qəzetində məqalələr dərc etdirməsin.