elnurastanbeyli@gmail.com
“Meşşanlıq qalib gələcək, qalib gəlməlidir də. Bəli, əziz dost, qeyd-şərtsiz dərk etməliyik ki, meşşanlıq ? Qərb sivilizasiyasının yekunu olacaqdır” – ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) əməkdaşlarının ayaqlarına əziyyət verib el basa-basa Isveçrəyədək gələrək, Sürixdəki bir hoteldə FIFA-nın yüksək vəzifəli məmurlarını korrupsiya şübhəsi ilə həbs etməsi xəbərini oxuyanda ilk ağlıma gələn “rus demokratiyasının vicdanı” hesab olunan Gertsenin məhz bu sözləri oldu.
Əslində bəlkə də baş verənləri meşşanlıqla izah etmək çətindir, bu daha çox dar dünyagörüşlü xırda mülkiyyətçi təfəkkürünü izah edir, biz isə qlobal möhtəkirlik, iri kapital maraqları barədə danışmalıyıq. Konkretləşdirim: FIFA-da korrupsioner axtarışına çıxanlar Azərbaycan kimi yağmaçılığın, talanın caynağında inləyən ölkələrdəki çağdışı rejimlərlə necə məmnuniyyətlə işləyə bilir, belə ölkələrə Eskuderoları hansı məntiqlə ixrac edir, yaxud hansı məntiqlə bu ölkələrdəki hüquqsuz, ədalətsiz vəziyyətə onillər boyu Dik Çeyni və ya Armitac kimi meşşan təfəkkürlü adamların gözü ilə baxır, ağlı ilə qiymət verirlər?! Paradoks deyilmi?
Bizim oliqarx uşaqları Vaşinqtonun göbəyində konqresmenləri, senatorları yağ içində böyrək kimi bəsləyirlər, Avropanın özünü “demokratiya paytaxtı” elan edən ölkələrində kürü, digər bahalı hədiyyələr paylayırlar, hələ mən təmir edilən muzeyləri, salınan parkları, tikilən körpüləri, çəkilən yolları demirəm, – bütün bunlar yalnız ona görə edilir ki, Sistemin Qərbdə öz siyasi lobbisi, sağlam, möhkəm siyasi dayaqları olsun; çətin vaxtda, dar ayaqda isə məhz bu siyasi lobbiçilik, məhz bu siyasi dayaqlar vasitəsilə hansısa kirli bazarlıqlar, qaranlıq sövdələşmələr apararaq Sistem öz varlığını qoruyub-saxlasın, ömrünü uzatsın.
Bütün bunların fonunda FTB-nin FIFA-dakı korrupsiya əməliyyatına ancaq gülmək olar. Sən demə, FIFA başbilənləri 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatlarını bu ölkələrə pulla satıblarmış. Nə qədər komikdir! Yoxsa Qərbdə elə fikirləşirlər ki, dünyanın hər hansı bir yerində demokratik dəyərləri, bəşəri idealları, xalqların milli iradəsini, özlərinə ləyaqətli gələcək qurmaq haqqını hansısa neft, qaz, qara kürü və s. və i. qarşılığında anti-demokratik rejimlərə, tiraniyalara satmaq olar, amma hansısa idman yarışını yox?!
Mən hələ FIFA prezidentliyi məsələsində ABŞ və Avropa ölkələrinin futbol rəhbərlərinin korrupsiyaya bulaşmış Blatterə qarşı Iordaniya şahzadəsinin namizədliyini müdafiə etməsini demirəm. Bu, artıq komediyanın ikinci pərdəsidir. Blatter kirli bioqrafiya sahibidir də, sanki Iordaniya şahzadəsi süddən çıxmış ağ qaşıqdırmı? Blatter korrupsiyadan bəslənir, sanki Iordaniya şahzadəsi sahib olduğu fantastik sərvəti alın təri iləmi qazanıb?!
Bu gün dünyada hələ də istibdad küləkləri belə şiddətlə əsirsə, bunun ən böyük səbəbi məhz baş verənlərə ikiüzlü münasibətdir. Prinsiplərə qarşı qeyri-prinsipial münasibətdir. Oğruları “bizim oğrular” – “bizim olmayan oğrular” deyə, tiranları “öz tiranlarımız” – “özgələrinin tiranları” deyə qruplaşdırmaq, onlara qarşı fərqli davranışlar sərgiləmək, məsələn, Suriyadakı diktatora qarşı silah çəkərkən Səudiyyə Ərəbistanı kralı öldükdə arxasınca bıldır-bıldır göz yaşı tökməkdir.
Bəli, Qərbdə qalib gələn bu “mənəvi meşşanlığın” nəticəsidir ki, indi onun adı xalqların əzildiyi, azadlıqların çeynəndiyi, hüquqların yox edildiyi, zülmün hökm sürdüyü fərqli ölkələrdə fərqli assosiasiya olunur – məsələn, Azərbaycanda Eskudero ilə assosiasiya olunduğu kimi!
Bu sadə həqiqəti qəbul etmək kimlər üçünsə ağır ola bilər, amma təəssüf ki, reallıqdan heç vaxt heç yerə qaçış yoxdur. Aşkar görünən odur ki, indi Qərb dəyərlərini (əslində isə bəşəri dəyərləri!) hətta ən qanlı terror, ən amansız tiraniya belə, Qərbin özü qədər dəyərsizləşdirmək iqtidarında deyil.
Yenə Gertsenin yazdığı kimi: “Qərbdə insan şəxsiyyətinin yenidən doğulması və meşşanlığa qalib gələcək hansısa gözlənilməz çevriliş baş verməsə, öz alicənab xüsusiyyətlərinə baxmayaraq, o – Çinə çevriləcək”.
Burada Çin dedikdə nəzərdə tutulan – köhnə barbar dünyasıdır…