Cümhuriyyət bayramı ərəfəsində ümid edilən əfv fərmanı verilmədi. Buna əslində ümid edilməyən əfv fərmanı da demək olar. Insanlar belə gözləntilərə çox da bel bağlamırlar artıq. Məhbus ailələrinin özləri də etiraf etmişdilər bunu günlər öncə. Amma görünür ya biriləri birilərini saymazyana şəkildə aldadır, ya da düşünülmüş şəkildə yalan yayaraq insanlara psixoloci işgəncə verirlər. Ən azından, yarandığı vaxtdan bu günə qədər məlum Işçi qrupun dedikləri doğru çıxsaydı, indi vicdan məhbuslarının bir xeyli hissəsi azadlıqda olmalı idi. Ancaq yuxarıların mərhəmət damarı tutulub, belə kirəcləri açan hər hansı şuntlama əməliyyatı da yoxdur. Elə o üzdən verilən vədlər hər dəfə havadaca qalır elə…
Dünən köhnə dostlardan biri “onlara hələ də inanacaq bir səbəb qalıbmı” deyir. Haqlıdır, qalmayıb. Biz hər bayramda əfv olacaq deyə ümidimizi aldadaraq, orada baş verənləri unuduruq, sadəcə. Möcüzə baş verəcəkmiş kimi, hansısa sehrli bir gücün gerçəkliyi anidən dəyişdirəcəyini düşünürmüş kimi unuduruq. Mərhəmət və əfv nədir, orada insanların başına gətirilənlərdən danışın siz hələ! Dünyanın tanıdığı məşhur hüquq müdafiəçiləri döyülür, psixoloji işgəncəyə məruz qalır, jurnalistlər günlərlə karsa atılır, gənc fəallar görünməmiş özbaşınalıqla dəyənək altına salınır. Ağır xəstələrə, müalicə müəssisəsinə köçürülməli olanlara belə güzəşt yoxdur orda. Doğrudan da, o halda nəyə və niyə ümid edirik ki? Niyə ümid edirik ki, Yaqublular ailəsinin başına gələn bu qədər faciədən sonra o adamların ürəyinə insaf düşəcək. Insaf düşəcək ki, böyük kədərini öz ocağının başında, doğmalarıyla birlikdə yaşamaq üçün Tofiq bəyi azadlığa buraxacaqlar. Başqalarını bilmirəm, mən heç olmasa buna ümid edirdim hardasa. Insanların bu qədər acımasız, qansız, mərhəmətsiz ola biləcəyini ağlıma sığışdıra bilmədiyim üçün, içimdə bir “bəlkə” vardı hələ…
Nədir o insanlara bu qədər nifrətin səbəbi? Axı onlar heç bağışlanacaq bir qəbahət də işləməyiblər. Anlamca əfv olunmaq məsələsi konkret cinayət işləmiş məhbuslara şamil edilməlidir. Tofiq Yaqublu, Xədicə Ismayıl, Leyla Yunus, Seymur Həzi, Murad Adilov, Intiqam Əliyev, Ilqar Məmmədov, Taleh Bağırzadə, Anar Məmmədli və onlarla başqalarının günahı nədir ki? Onlara vurulan damğaların saxta və qondarma olduğunu kim bilmir guya? Səbəb bəllidir, onların fərqli, açıq düşüncələri sizin xoşunuza gəlmir və buna görə heç bir əfvdən söhbət gedə bilməz. Çünki Azərbaycanda siyasi idarəetmə dövlət və vətəndaş müstəvisində deyil, şəxsi müstəvidə aparılır. Hakimiyyət bir qrupun şəxsi qisasçılıq mexanizminə çevrilib ki, bunun acı nəticələrini də hər gün yaşamaqdayıq.
Bilirsiniz, yaxın günlərdə Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən dinləmələrdə avropalı deputatlar olimpiya oyunları başlayana qədər hökuməti siyasi dustaqları azad etməyə çağırmışdı. Onlardan bəziləri hətta bunun üçün 28 may Cümhuriyyət bayramının ən uğurlu tarix olduğu fikrini səsləndirmişdilər. Bu çağırış da hər zamankı kimi havada qaldı. “Daxili işimizə” qarışanları da bu cür cəzalandırır şanlı hökumətimiz illərdir. Olsun! Axırda bu “daxili” işin “xaricə” çıxan ucu da olacaq, ağıllı adamlar xilas yolu olaraq qalan son körpünü də yandırmırlar.
Siz bu gün heç bir cinayət işləmədən həbsxanalara doldurduğunuz insanları əfv etməkdə belə prinsip aparırsınız. Amma gün gələcək, onlar da sizi işədiyiniz cinayətlərə görə bağışlamayacaq. Nə son beş ildə ailə həyatını kabusa çevirdiyiniz Tofiq bəy, nə körpə balalarını gözüyolda qoyduğunuz əməkçi Murad bəy, nə bu ölkəyə hüquq gətirmək istəyən Intiqam bəy kimilər, nə doğru sözü güzəştə getməyən Xədicə xanım kimilər, nə gənclik xəyallarını oğurladığınız Elvin kimilər, nə Taleh bəy kimi yalana qarşı çıxan gerçək inanclılar… Onlar və onlar kimi düşünən yüz minlər sizi əfv edərmi, düşünürsünüz?