Azərbaycan qazının Avropa bazarına çıxışına əngəl yarana bilər. Dövlət başçısı Ilham Əliyev ilk dəfə Transadriatik Qaz Kəməri (TAP) layihəsinin həyata keçirilməsində problem yarana biləcəyinə işarə edib. Eyni zamanda, xəbərdarlıq edib ki, əgər TAP layihəsinə bu və ya digər problem yaranarsa, Azərbaycan vəziyyətdən Türkiyəyə daha çox qaz satmaqla çıxacaq.
Qeyd edək ki, Azərbaycan bu layihəyə böyük ümidlər bəsləyirdi. Görünür, Əliyev böyük qaz layihəsinin baş tutmayacağını, yaxud bunun üçün ciddi maneələrin yarana biləcəyini anlayır və vəziyyətdən çıxış yolu kimi Türkiyəyə qaz satacaqlarını deyir.
Bu da onu deməyə əsas verir ki, hakimiyyətin Avropa ilə münasibətlərdə ciddi problemləri yaranıb. Əks halda, Əliyev ölkəyə böyük pullar gətirəcək bu layihənin gələcəyinə belə ümidsiz yanaşmazdı.
Şərq Tərəfdaşlığında Azərbaycanın yeri haradır?
Ukraynalı nümayəndədən differensasiya təklifi
Ukraynanın Avropa Ittifaqındakı nümayəndəliyinin rəhbəri Konstantin Yeliseyev hesab edir ki, Avropanın “Şərq Tərəfdaşlığı” Proqarmına yenidən baxmaq – Azərbaycan, Belarus və Ermənistanı ayırmaq lazımdır. Bu bərədə K.Yeliseyev 8-ci Kiyev Forumunda bildirib.
“Biz ”Şərq Tərəfdaşlığı" siyasəti çərçivəsində differensasiya siyasətini təmin edə bilərik. Mənə elə gəlir ki, artıq üç ölkəni – Ukrayna, Gürcüstan və Moldovanı Ermənistan, Azərbaycan və Belarusdan ayırmaq lazımdır. Biz bunu Riqa sammitində etməyə çalışdıq. Bizim Ukrayna, Gürcüstan və Moldova ilə bağlı razılaşdırılmış üçtərəfli bəyanatımız oldu. Yəni, dəqiq differensasiya", – deyə ukraynalı diplomat vurğulayıb.
Strateq.az