AMİP Milli Şuranın 30 may mitinqi ilə bağlı bəyanat yayıb. Bəyanatda partiya öz sədri Yusif Bağırzadənin bu mitinqə dair fikirlərini təkzib edib. Bəyanatda deyilir:
“Bir sıra İnformasiya Agentliklərində Milli Şuranın 30 may tarixli mitinqi ilə əlaqədar AMİP sədri Yusif Bağırzadənin adından yayılan açıqlamaya münasibət bildirərək bəyan edirik ki, bu fikirlər AMİP-in mövqeyini əks etdirmir.
AMİP sərbəst toplaşmaq azadlığını fundamental insan hüquqlarının tərkib hissəsi kimi görür, hər bir fərdin və təşkilatın sərbəst toplaşmaq hüququnun Konstitusiya ilə təsbit olunmuş müddəa olduğunu bəyan edir. Bu konteksdə Milli Şuranın 30 may tarixli mitinqinə yer ayrılması barədə qərar BŞİH-nin müstəsna hüququdur və müzakirə mövzusu hesab olunmur”.
Y.Bağırzadə APA-ya açıqlamasında deyib ki, AMİP bu mitinqdə iştirak etməyəcək. O, Milli Şuranın mitinqlərinə Bakı Şəhər İcra Hakimiyyətinin yer ayırmamalı olduğunu da deyib.