Hər şey bir neçə gün əvvəl ABŞ-ın nüfuzlu «New York Times» qəzetində AKP iqtidarının tənqidinə həsr olunmuş məqalənin dərcindən sonra başladı. «Türkiyənin üzərində qara buludlar» başlıqlı məqalədə bildirilirdi ki, prezident Rəcəb Tayyib Ərdoğan həqiqətləri söyləyənlərə qarşı getdikcə daha çox düşmən mövqedə olur. Qəzet hazırda Türkiyədə qaranlıq və qorxulu ab-havanın hökm sürdüyünü bildirərək ABŞ-ı və Türkiyənin NATO-dakı müttəfiqlərini Ərdoğanı bu yanlış yoldan döndərməyə çağırıb. Məqalədə Ərdoğanın ölkəsindəki müstəqil mətbuata basqılarından da bəhs edilib. Və «Hürriyet» qəzetinin «Dünya şokda! 52 faiz səs almış prezident barəsində edam hökmü» yazısına görə, məhkəməyə verilməsi pislənilib. «New York Times» hesab edir ki, «Hürriyet» qəzetinə yönələn ittihamlar Türkiyədə demokratiyanın mövcud olması fikrinə vurulan sillədir.
ABŞ qəzetinin bu məqaləsinə seçki-təbliğat mitinqlərində sərt cavab verən Ərdoğan «New York Times»ı «pulla işləyən şarlatanlar» adlandırdı: «Sən bir qəzetsən, həddini biləcəksən! Sən bunu yazmaqla Türkiyəyə müdaxilə etmiş olursan. Sən kimsən? Bunu ABŞ hökumətinə qarşı edə bilərsən? Sənə dərhal lazım olan cavabı verərlər. Bütün kritik vaxtlarda bu qəzetin Türkiyə ilə bağlı yazdıqları təhdid qoxub. Qəzzada 16 jurnalist İsrail tərəfindən qətlə yetirildi, səsini çıxarmadın. İndi bizə mətbuat azadlığından dərs keçəcəksən? Bunlar pulla yazan şarlatanlardır. İstəməsələr də, biz yola davam edəcəyik».
Öz növbəsində, «New York Times» da son sayında Robert Makkey imzalı yazı ilə Ərdoğanın bu fikirlərinə sərt cavab verib. Qəzet Ərdoğanı həm Türkiyə, həm də xarici mətbuatın baş tənqidçisi adlandırıb: «Baş nazir ofisindən prezident sarayına köçən Rəcəb Tayyib Ərdoğan bu həftə də yeni və qeyri-rəsmi bir rolu – Türkiyənin baş mətbuat tənqidçisi rolunu üstlənib. Türkiyə mətbuatında təhqir hesab etdiyi ifadələrə
qəzəblənən hörmətli Ərdoğan bu həftə «New York Times»ın ünvanına arxa-arxaya üç gün ağzına gələni dedi. Qəzetin əməkdaşlarını «pulla işləyən şarlatanlar» adlandırdı. Görünür, Ərdoğan «Hürriyet» qəzetinin Mursinin 2012-ci ildə 52 faiz səslə seçilməsinə baxmayaraq, edam cəzasına məhkum edilməsi xəbərini özünə qarşı gizli təhdid kimi başa düşüb».
Gültəkin