“Adil Hüseynov Beynəlxalq Bank rəhbərliyinin göstərişi ilə adına bir şirkət açıb və 20 milyon kredit götürüb”
“Qara polkovnik” kimi tanınmış Fətulla Hüseynovun oğlu, Beynəlxalq Bank işi ilə bağlı həbs edilənlərdən biri Adil Hüseynovun vəkili Kamandar Nəsibov “Azadlıq” radiosuna maraqlı faktlar açıqlayıb.
Vəkil bildirib ki, Adil Hüseynov Beynəlxalq Bank rəhbərliyinin göstərişi ilə adına bir şirkət açıb və 20 milyon kredit götürüb. Amma həmin pul heç onun öz əlinə çatmayıb. Dubaydakı tekstil zavodunun tikintisinə ayrılıb. Vəkilin sözlərinə görə, Adil Hüseynovun həmin zavodda heç bir faiz də payı yoxdur.
“Bildiyim odur ki, belə şəxslər çoxdur. Adil Hüseynovu hətta həbs etsələr belə, o bu məbləği qaytara bilməyəcək. Həm də Adil Hüseynov təkcə öz adına açılan şirkətin götürdüyü 20 milyona görə yox, Dubayda 2 zavodun inşası üçün azı 5 şirkətə verilən 318 milyon manatı mənimsəməkdə ittiham olunur. Amma o, nə krediti verən olub, nə də alan. Bakıdan vəsait filan hesablara köçürülməsi üçün Dubay Filialına ötürülüb. Adil Hüseynov yalnız mühasibat işlərini görüb. Digər məsələlərdən xəbərsiz olub", – deyə K.Nəsibov bildirib
Beynəlxalq Bankın Dubay filialının təmsilçisi Adil Hüseynovun barəsində 3 ay 17 gün həbs qəti imkan tədbiri seçilib.